Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosuna müsahibəsində danışıb.
Qriqoryan bildirib ki, Ermənistan dəmir yollarının başqa bir ölkənin konsessiya idarəçiliyinə verilməsi məsələsi hələ də gündəmdədir.
“Bu mövzu gündəmimizin bir hissəsidir. Biz müzakirələri davam etdirəcək və həll yolları axtaracağıq. Hazırda danışıqlar davam edir və nəticə əldə etdiyimiz anda təbii olaraq bu barədə məlumat verəcəyik”, - deyə o qeyd edib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, ölkənin regional infrastrukturlarda rəqabət üstünlüyü əldə etməsi üçün mümkün qədər sürətli şəkildə işləmək, yeni infrastruktur qurmaq və mövcud infrastrukturu yenidən bərpa etmək lazımdır.
“Burada əsas amil sürətdir. Hansı tərəf öz infrastrukturunu daha tez inkişaf etdirə bilsə, üstünlük əldə edəcək”, - deyə Qriqoryan bildirib.
O, Arazdəyən və Axurik istiqamətlərində dəmir yolu infrastrukturunun bərpası ilə bağlı Moskva ilə danışıqların davam etdiyini də açıqlayıb.
Qriqoryanın sözlərinə görə, həmin hissələrin bərpası Ermənistan dövlət büdcəsi hesabına da həyata keçiriləcək.
“İnfrastrukturun inkişafı dedikdə söhbət yalnız bir hissədən getmir. Burada həm TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi, həm də Ermənistandakı dəmir yolu infrastrukturu nəzərdə tutulur. Biz bu infrastrukturu bərpa etməli, yenidən qurmalı və ya mövcud imkanlardan istifadə etməliyik”, - deyə o bildirib.
Qriqoryan Ermənistanın bütün dəmir yolu şəbəkəsinin müasirləşdirilməsinə ehtiyac olub-olmaması ilə bağlı suala cavabında bəzi hissələrdə buna ehtiyac olduğunu deyib.
“SSRİ dağılandan sonra bu infrastrukturun bir hissəsi istifadə olunmayıb. Bildiyiniz kimi, onun müəyyən hissələri metal kimi pul qarşılığında və ya bəzən pulsuz şəkildə başqa ölkələrə verilib. Problem ondadır ki, bütün infrastruktur tam şəkildə bərpa olunmalıdır”, - deyə o əlavə edib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, Ermənistanın əsas məqsədi infrastruktur sahəsində rəqabət üstünlüyü əldə etmək, yeni yatırımlar cəlb etmək və malların, xidmətlərin əsasən Ermənistan üzərindən keçməsini təmin etməkdir.
Rusiya ilə aparılan danışıqların nə vaxt yekunlaşacağı barədə suala cavab verən Qriqoryan bunun mümkün qədər tez baş verməsini istədiklərini bildirib.
“Biz hesab edirik ki, mövcud problemlərin həlli üçün Rusiya Federasiyası ilə dialoqu davam etdirməliyik və danışıqlar bu məsələlərin həlli üçün əsas vasitədir”, - deyə o qeyd edib.
Qriqoryan, həmçinin Ermənistan-Rusiya münasibətlərində böhran görmədiyini bildirib.
“Ermənistan-Rusiya münasibətlərinin spektri çox genişdir və bu spektr daxilində müəyyən məsələlər ola bilər, amma düşünürəm ki, böhran yoxdur”, - deyə Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
O, Rusiya tərəfindən səsləndirilən açıqlamaların yeni olmadığını və Ermənistanın Moskva ilə münasibətlərdə əvvəlki yanaşmanı davam etdirəcəyini də bildirib.
“Biz problemlərimiz barədə danışmağa və onların həlli yollarını tapmağa davam edəcəyik”, - deyə Qriqoryan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az