“Euractiv”: Aİ Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara iyunun 18-də keçiriləcək sammitdən əvvəl başlamaq istəyir

2026/05/1779793990.jpg
Oxunub: 314     15:12     26 May 2026    
Avropa İttifaqı Ukraynanın təşkilata üzvlüyü ilə bağlı danışıqlara iyunun 18-də Brüsseldə keçiriləcək sammitdən əvvəl başlamağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Euractiv” portalı Avropa İttifaqındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqına üzv ölkələrin paytaxtlarında növbəti ay keçiriləcək sammitə qədər ən azı bir danışıqlar klasteri üzrə prosesin başlanmasına dair razılıq əldə olunacağı gözlənilir.

Portal qeyd edir ki, bu addım Kiyevin Avropaya inteqrasiya yolunda ilk rəsmi mərhələ olacaq. Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar 33 fəsildən ibarətdir və onlar öz növbəsində altı danışıqlar klasterinə bölünüb.

Hər bir fəsil namizəd ölkənin qanunvericiliyinin Avropa İttifaqının hüquqi normalarına uyğunlaşdırılmasını nəzərdə tutur. Klasterlər məzmun baxımından fərqlənir.

Məsələn, “xarici siyasət” klasterinə yalnız iki fəsil, “xarici siyasət və təhlükəsizlik siyasəti” və “xarici ticarət” daxildir, lakin bunlar ən mürəkkəb istiqamətlər hesab olunur. Namizəd ölkə Avropa İttifaqının bütün normalarını qəbul etməyə borcludur və onların dəyişdirilməsi məsələsində səsvermə hüququna malik deyil.

Danışıqlarda yalnız bu normaların qəbul müddətləri müzakirə olunur. Qeyd edilir ki, danışıqların başlanması ölkənin Avropa İttifaqına üzvlüyü üçün yekun tarix müəyyən etmir.

Nümunə olaraq Türkiyənin 2005-ci ildə başladığı üzvlük danışıqlarının artıq 21 ildir davam etdiyi vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin