Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrin məlumatına görə, komissiyanın cavabı məsələyə aydınlıq gətirmək əvəzinə, dövlət institutlarının əsas problemlərindən biri olan məsuliyyətdən yayınma tendensiyasını nümayiş etdirir.
Bildirilir ki, qurum seçki kampaniyası zamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri tərəfindən təqdim edilən məlumatların istifadə olunmasını faktiki olaraq təkzib etməyib.
“Bununla yanaşı, baş nazir səlahiyyətlərini icra edən şəxsin güc strukturlarından əldə edilən məlumatlardan ictimai şəkildə istifadə etməsinin vəzifə üstünlüyü hesab edilə biləcəyi məsələsinə də qiymət verilməyib. Əvəzində isə komissiyanın bütün cavabı “bu, bizim səlahiyyətimizə aid deyil” məntiqi üzərində qurulub.
Əgər inzibati resurslardan, vəzifə imkanlarından və dövlət mexanizmlərindən istifadənin siyasi baxımdan həssas olduğu hallarda məhz bu qurum məsuliyyətdən yayınırsa, onda komissiyanın real funksiyası nədir?”, - deyə nəşr bildirib.
Nəşr vurğulayıb ki, komissiya 2026-cı ildə qəbul etdiyi qərara istinad edərək əvvəlcə inzibati məhkəmənin hüquq pozuntusunu təsdiqləməli olduğunu, yalnız bundan sonra etik komponentə baxa biləcəklərini qeyd edib.
“Bununla da qurum özünü yalnız “fakt baş verdikdən sonra reaksiya verən” instituta çevirir. Komissiyanın cavabı hüquqi terminologiya ilə yazılıb və əsas siyasi-sosial suala cavab verməkdən yayınır: seçki kampaniyası zamanı ölkə rəhbərinin güc strukturlarından alınmış məlumatlardan təbliğat vasitəsi kimi istifadə etməsi normal hesab oluna bilərmi?
Komissiya ən azı bunun ictimai etimad, inzibati neytrallıq və vəzifə etikası baxımından risklər yaratdığını etiraf edə bilərdi. Lakin belə minimal siyasi-etik reaksiya belə verilməyib. Nəticədə isə antikorrupsiya qurumu korrupsiya və inzibati təsir riskləri ilə bağlı suala qiymətləndirmə ilə deyil, səlahiyyət bölgüsü ilə cavab verib. Bu, hüquqi ehtiyatlılıqdan daha çox institusional geriçəkilmədir.
Xatırladaq ki, beynəlxalq qəbul olunmuş tərifə görə korrupsiya dövlət və ya etibar edilmiş hakimiyyətin şəxsi, siyasi və ya qrup maraqları naminə sui-istifadəsidir. “Transparency International” təşkilatı isə korrupsiyanı “etibar edilmiş hakimiyyətdən şəxsi maraqlar üçün sui-istifadə” kimi xarakterizə edir”, - deyə müəllif yazıb.
Məqalədə siyasi korrupsiyanın ən təhlükəli formalarından biri kimi dövlət hakimiyyətinin, inzibati resursların və güc strukturlarının siyasi təsirin qorunması və müxalifətə təzyiq məqsədilə istifadəsi göstərilib.
Alpər Mövludoğlu
Ordu.az