Ordu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.
Medvedev qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri pozmaq yolunu seçib və bu kurs bütün erməni xalqına və ölkə iqtisadiyyatına zərər vuracaq.
“Biz Ermənistan və onun xalqı ilə effektiv, qarşılıqlı faydalı əməkdaşlığı və bərabərhüquqlu qarşılıqlı fəaliyyəti inkişaf etdirməyə hazırıq. Lakin bunun baş verməsi üçün müttəfiqimizin Rusiyayla dostluğa hazır olan konstruktiv rəhbərliyi olmalıdır”, - deyə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini bildirib.
Onun sözlərinə görə, Paşinyanın seçdiyi təhlükəli yol nəticəsində Ermənistan xalqı həm Rusiya bazarını, həm də bütün Avrasiya İqtisadi Birliyini itirə bilər.
“Görünür, o bizi axmaq hesab edir. Eyni zamanda hesablamalarında böyük səhvə yol verib və ölkəsi üçün son dərəcə təhlükəli kurs götürüb”, - deyə Medvedev vurğulayıb.
O xatırladıb ki, Paşinyanın siyasəti nəticəsində İrəvan Rusiya qazını Avropa qiymətləri ilə almağa məcbur qala bilər və bu qiymətlər hazırkı tariflərdən üç dəfə bahadır. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Ermənistan baş nazirinə vətəndaşlardan belə qiymətlərə hazır olub-olmadıqlarını soruşmağı tövsiyə edib.
“Ermənistan bizim üçün tarixən çox yaxın ölkədir, strateji tərəfdaşımızdır. Mən Ermənistanın qardaş xalqını nəzərdə tuturam, hansısa erməni rəhbərini yox”, - deyə Medvedev Rusiyanın Ermənistana tərəfdaş kimi münasibətinin dəyişib-dəyişmədiyi barədə suala cavabında bildirib.
Medvedev əlavə edib ki, Paşinyanla ilk söhbəti zamanı Rusiya ilə erməni xalqı arasındakı xüsusi münasibətlər mövzusunu qaldırıb. “İlk görüşümüzdə o dedi: “Siz məni heç vaxt qəbul etməyəcəksiniz, mən sizin üçün yad adamam”, - deyə Medvedev xatırlayıb.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini bildirib ki, həmin vaxt Paşinyanı əmin edib ki, Moskva üçün “nə dost, nə də düşmən anlayışı yoxdur”. O, həmçinin Paşinyana Rusiyada Ermənistandan daha çox erməninin yaşadığını xatırladıb.
Bununla yanaşı, Medvedev qeyd edib ki, bu söhbət Ermənistan baş nazirinə heç bir təsir göstərməyib.
“O, bu sözlərə diqqət yetirmədi və Rusiyanın qardaşlıq yardımı və dəstəyinin çoxsaylı nümunələrini qiymətləndirmədi”, - deyə o bildirib.
Medvedev sonda vurğulayıb ki, Paşinyan Ermənistan üçün “sülh təminatçısı” deyil, sadəcə “müvəqqəti olaraq hakimiyyətə gətirilmiş əclafdır”.
Alpər Mövludoğlu
Ordu.az