Ordu.az xəbər verir ki, briqadanın tərkibində hazırda 14 fərqli ölkədən hərbi birliklər xidmət göstərir.
Məlumata görə, ümumi şəxsi heyət sayının 3 min 500 nəfər olması planlaşdırılır. Kanada isə təxminən 2 min 200 hərbçi ilə ən böyük töhfəni verir.
Kanadanın qüvvələri arasında dörd ədəd CH-146 “Griffon” və iki ədəd CH-147 “Chinook” helikopterindən ibarət helikopter taboru ilə yanaşı, kəşfiyyat eskadrilyası da yer alır.
Danimarka və İsveç isə növbəli əsasda hər il ikinci tabor yerləşdirir. İtaliya, Polşa və İspaniya da mexanikləşdirilmiş birliklər səviyyəsində iştirak edir. 2025-ci ildə NATO-nun ən yeni üzvlərindən biri olan İsveç Latviyanın Adaji şəhərinə Cənubi Skone Alayından 600 hərbçi göndərib.
İsveç bölməsi CV9040 piyadaların döyüş maşınları, LVKV 90 hava hücumundan müdafiə sistemləri və Strv 122 əsas döyüş tankları ilə birlikdə yerləşdirilib. Bundan əlavə, İsveç briqadanın çoxmillətli artilleriya taboru üçün “Archer” təkərli özüyeriyən haubitsa sistemləri də göndərib.
Latviyanın da eyni tipdən 18 ədəd özüyeriyən haubitsa tədarük etdiyi bildirilib. Məlumata görə, briqada 2025-ci ilin yazında keçirilən “Oak Resolve” təlimi zamanı ilkin əməliyyat hazırlığı səviyyəsinə çatsa da, tammiqyaslı yerləşdirmənin bu il yekunlaşdırılması gözlənilir.
Kanada “Adaji”, “Cere” və “Lielvarde” hərbi obyektlərinin genişləndirilməsi üçün indiyədək 315 milyon avrodan çox sərmayə yatırıb və əlavə olaraq 64 milyon avroluq yeni investisiya planlaşdırır. Yatırımların böyük hissəsinin “Lielvarde” hava bazasının imkanlarının artırılmasına yönəldildiyi qeyd olunur.
NATO-nun Baltik ölkələri və Polşadakı irəli yerləşdirilmiş çoxmillətli qüvvə strukturu 2016-cı ildə Varşava Sammitində qəbul edilən “Təkmilləşdirilmiş İrəli Mövcudluq” qərarı çərçivəsində formalaşdırılıb. Bu struktur daxilində Kanada Latviyada, Almaniya Litvada, Böyük Britaniya Estoniyada, ABŞ isə Polşada rəhbər ölkə qismində müəyyən olunub.
2023-cü ilin iyulunda Latviya və Kanada müdafiə nazirləri arasında imzalanmış yol xəritəsi Kanada rəhbərliyindəki NATO Çoxmillətli Döyüş Qrupunun tabor səviyyəsindən briqada səviyyəsinə genişləndirilməsini rəsmiləşdirib.
Bu addım NATO-nun Rusiyaya qarşı Baltik bölgəsində çəkindirmə və irəli müdafiə imkanlarını artırmaq strategiyasının mühüm hissəsi hesab olunur.
Sevinc Əliyeva
Ordu.az