Ordu.az xəbər verir ki, Braziliya mənşəli “Embraer” Avropadakı müdafiə və logistika şəbəkəsini genişləndirmə strategiyasında daha bir mühüm addım atıb.
Şirkət aviasiya, kosmos və müdafiə sahələrində strateji əməkdaşlığı ən yüksək səviyyəyə çatdırmaq və bölgədə MRO (texniki xidmət, təmir və yenidənqurma) infrastrukturunu gücləndirmək məqsədilə Yunanıstan mənşəli “Hellenic Aerospace Industry” (HAI) ilə geniş anlaşma memorandumu imzalayıb.
“Embraer Defence & Security” üzrə müqavilələrdən məsul vitse-prezident Fabio Kaparika və “Hellenic Aerospace Industry”nin icraçı direktoru Alexandros Diakopoulos tərəfindən imzalanan razılaşma Yunan Hava Qüvvələrinin gələcək “Embraer C-390 Millennium” parkını idarə edə bilməsi üçün zəruri əməliyyat və logistika müstəqilliyini təmin etməyi, eyni zamanda ölkənin yerli sənaye imkanlarını inkişaf etdirməyi hədəfləyir.
Bu anlaşma memorandumu “Embraer”in Avropa bazarındakı mövcudluğunu daha da gücləndirmək və genişləndirmək üzrə uzunmüddətli strategiyasını möhkəmləndirir, şirkətin inkişafına dəstək verir və qitə üzrə aviasiya, kosmos və müdafiə sənayesinin irəliləyişinə töhfə yaradır.
“Hellenic Aerospace Industry”nin icraçı direktoru Alexandros Diakopoulos razılaşma ilə bağlı bildirib ki, “Embraer” ilə bu anlaşma memorandumunu imzalamaq onlar üçün sadəcə kommersiya razılaşmasından daha artıq məna daşıyır. Onun sözlərinə görə, bu, HAI-nin Avropada etibarlı tərəfdaş axtaran dünya səviyyəli aviasiya və kosmos şirkətləri üçün təbii seçim ola biləcəyinə inamı əks etdirir. O əlavə edib ki, Yunanıstanda C-390 üçün texniki xidmət və dəstək imkanlarının inkişaf etdirilməsi təkcə Yunanıstan Hərbi Hava Qüvvələrinin əməliyyat ehtiyaclarını qarşılamayacaq, həm də ölkə üçün uzunmüddətli və güclü sənaye bazası yaradacaq.
Yunanıstanın C-390 nəqliyyat təyyarəsinə marağı
2025-ci il aprelin 22-də “OnAlert”in yaydığı məlumata görə, “Embraer” tərəfindən hazırlanan C-390 “Millennium” nəqliyyat təyyarəsi Yunanıstanın Uzunmüddətli Müdafiə Təchizatı Proqramına rəsmi şəkildə daxil edilib. Bu addım Yunanıstan Hərbi Hava Qüvvələrinin inventarında uzun illər xidmət edən ABŞ istehsalı C-130 “Hercules” nəqliyyat təyyarələrinin yerini tutacaq platformanın müəyyənləşdirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilir.
Təchizat planına əsasən, Yunan Hava Qüvvələrinin ilkin mərhələdə ən azı 3 ədəd C-390 tədarük edilməsini və sonrakı mərhələlərdə əlavə təyyarələr üçün seçim hüququ verilməsini tövsiyə etdiyi bildirilir. Potensial təchizat 12 illik müdafiə planlaşdırması çərçivəsində qurulur. Lakin hazırkı prioritetlər sırasında 38 ədəd F-16 “Block 50” döyüş təyyarəsinin “Viper” konfiqurasiyasına yüksəldilməsi də yer aldığından, layihənin həyata keçirilməsi onilliyin sonuna planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az