Əslində Vladislav Qasumyanov “ekspert” deyil, Rusiya Federasiyasının Kommunikasiyaların İnkişafı Milli İnstitutunun direktorudur. Açıq mənbələrdən məlumdur ki, o, 1959-cu ildə Bakıda anadan olub. Orta təhsilini Bakıdakı rus məktəblərindən birində alıb. Kiyev Mülki Aviasiya İnstitutunu bitirib.
Qasumyanov iyirmi üç yaşında, 1982-ci ildən SSRİ DTK sistemində xidmətə başlayıb. 1985-ci ildə Moskvadakı DTK Ali Məktəbini bitirib. 1980-ci illərin ikinci yarısında xidmətə Azərbaycan SSR DTK-nın DQMV idarəsinə təyin olunub, qısa müddət idarə rəisi vəzifəsində çalışıb, sonra Moskvaya köçürülüb.
Bəzi məlumatlara görə, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin (XKX) formalaşdırılması ilə əlaqədar o, FTX-dən yeni yaradılmış xüsusi xidmət orqanına keçirilib, burada informasiya-analitik mərkəzə rəhbərlik edib və general-mayor rütbəsinə qədər yüksəlib, hazırda da XKX-nin “yüksək vəzifəli əməkdaşı” hesab olunur.
Maraqlıdır ki, Ermənistanın blokadasını aradan qaldırmaq üçün “Abxaziya dəmir yolunun bərpası imkanından” parlament seçkiləri kampaniyası ərəfəsində “Hayastan” alyansının lideri, Ermənistanın ikinci prezidenti Robert Köçəryan danışıb.
Bununla bağlı Gürcüstan müxalifətinin sərt etirazlarına cavab olaraq Gürcüstan hökuməti rəsmi bəyanatla çıxış edib və rəsmi Tbilisinin “belə bir məsələni müzakirə etmədiyini və heç vaxt da müzakirə etməyəcəyini” təsdiqləyib.
Ermənistanın müxalif qüvvələri Nikol Paşinyanı ölkəni “geosiyasi rəqabət meydanına çevirməkdə” tənqid edirlər. Moskvanın Qasumyanovun adı ilə dövriyyəyə buraxdığı məsələ təkcə Ermənistan ətrafında geosiyasi gərginlik deyil, həm də erməni-gürcü münasibətlərində son dərəcə ciddi gərginlik yaratmağa yönəlmiş açıq layihədir.
Rus-gürcü “bal ayının başa çatdığını” demək üçün bütün əlamətlər mövcuddur. Rusiya Gürcüstanı açıq şəkildə qondarma “Abxaziyanın müstəqilliyi”ni tanımağa məcbur edir, qondarma “Cənubi Osetiya” isə yaxın gələcəkdə Alaniya-Şimali Osetiya, yəni Rusiya ilə “birləşəcək”.
Gürcüstan üçün son dərəcə mürəkkəb vəziyyətdə Ermənistanda “Putinin yolu TRIPP-ə alternativdir” diskursunu formalaşdırmaq (Qasumyanovun belə məqsəd güddüyünə şübhə etməyə dəyməz) ən azı gürcü-erməni ziddiyyətlərini qızışdırmaq deməkdir.
Asif Cəfərov
Ordu.az