Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Sənədə əsasən, hesabat dövrünün sonunda partiyanın maliyyə vəsaitləri 127 milyon 898 min 665 dram təşkil edib.
Bəyannamədə həmçinin qeyd olunur ki, partiya “Sivik Nyus” MMC-də 100 faiz paya malikdir və investisiyanın həcmi cəmi 10 min dramdır.
Nəşr vurğulayır ki, “Sivik Nyus” ictimaiyyət tərəfindən hakimiyyətin informasiya platforması və “Vətəndaş Müqaviləsi”nin ruporu kimi qəbul edilir.
Məqalədə bildirilir ki, partiya müxtəlif mənbələrdən maliyyə alıb. Bunlara parlament aparatından 234 milyon 727 min 890 dram dövlət maliyyələşməsi, 481 milyon 790 min 400 dram ianə, 129 milyon 524 min 599 dram üzvlük haqları, eləcə də “Məlumatlı Vətəndaşlar Birliyi” QHT-dən 120 min dram və “24 Nyus” MMC-dən 446 min dram məhkəmə xərclərinin kompensasiyası daxildir.
Nəşr əvvəlki hesabat dövrü ilə müqayisədə əsas maliyyə mənbələrinin yenə də dövlət maliyyələşməsi və iri ianələr olaraq qaldığını qeyd edib.
Məqalədə həmçinin vurğulanır ki, ianəçilərin əksəriyyəti anonimdir və vaxtilə keçmiş hakimiyyətə qarşı səsləndirilən ittihamlar indi “Vətəndaş Müqaviləsi”nin özünə aid edilir.
Alpər Mövludoğlu
Ordu.az