Paşinyan: “Ermənistanın Avrasiya İqtisadi Birliyindəki statusunu yalnız İrəvan müəyyən edə bilər”

2026/05/1779429221.jpg
Oxunub: 386     09:52     22 May 2026    
“Dostluq dostluqdur, xidmət isə xidmətdir”. Dostluq münasibətlərinin iş məsələləri ilə nə əlaqəsi var?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 22-də jurnalistlərlə görüşündə deyib.

Sualda qeyd olunub ki, əgər Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə dost münasibətlərinə malikdirsə, o zaman ixrac problemlərinin yaranması və Ermənistanın Avrasiya İqtisadi Birliyindəki statusunun müzakirə olunması necə baş verir?

Paşinyan bildirib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyindəki statusunu yalnız Ermənistan özü müzakirə edə bilər.

“Yalnız Ermənistan qərar verə bilər ki, birlikdən çıxır, yoxsa yox. Başqa prosedur yoxdur. Eyni zamanda biz digər suallara da cavab verməyə hazırıq”, - deyə o qeyd edib.

Ermənistan Baş naziri qazın bahalaşa bilməyəcəyini də vurğulayıb.

“Qaz tarifləri ilə bağlı biz daha əvvəl aydın strateji razılaşmalar əldə etmişik və onlar qorunmalıdır”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, güllərin ixracına qoyulan məhdudiyyətlər yeni hal deyil.

“Fitosanitar standartlara uyğun olmayan istənilən məhsul üçün həmişə məhdudiyyətlər olub və olacaq”, - deyə Ermənistan hökumət başçısı qeyd edib.

Paşinyanın sözlərinə görə, son 8 il ərzində buna bənzər onlarla hadisə baş verib və digər məhsullarla bağlı da problemlər yaşanıb.

“Avrasiya İqtisadi Birliyində biz daim idxal və ixrac olunan məhsulların mənşə məsələsini müzakirə edirik. Məntiq ondan ibarətdir ki, birlik ölkələrində istehsal olunan məhsullar üzv dövlətlər arasında sərbəst hərəkət etməlidir”, - deyə o bildirib.

Paşinyan Rusiyaya idxal olunan güllərin hansı hissəsinin Avrasiya İqtisadi Birliyi ölkələrində istehsal olunduğunun dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb.

“Hazırda Ermənistanda nümayəndə heyəti var və onlarla nümayəndə heyəti Avrasiya İqtisadi Birliyinin müxtəlif ölkələrinə səfər edir”, - deyə Paşinyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin