Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.
Nəşr qeyd edir ki, vaxtilə “Mənim Addımım” fraksiyasının fəal simalarından biri hesab olunan deputat hazırda faktiki olaraq siyasi arxa plana keçib. Lakin siyasi çəkisinin azalmasına baxmayaraq, maliyyə vəziyyəti əksinə, əhəmiyyətli dərəcədə yaxşılaşıb.
“ArmLur.am” saytının araşdırdığı bəyannamələrə əsasən, 2021-ci ildən 2025-ci ilə qədər deputatın pul vəsaitləri və gəlirləri ciddi artım göstərib.
Qəzetin yazdığına görə, 2021-ci ildə Heriknaz Tiqranyan sıfır nağd vəsait bəyan edib, bank hesabları barədə isə ümumiyyətlə məlumat təqdim olunmayıb. Onun illik gəliri təxminən 10,9 milyon dram, mənzil ipoteka kreditinin qalığı isə 24,3 milyon dramdan çox olub.
“Lakin artıq 2025-ci ilin sonunda mənzərə tamamilə fərqlidir. Deputatın bank hesablarında təxminən 4 milyon dram - 3 milyon 972 min dram, nağd vəsaiti isə 1,5 milyon drama çatıb. İllik gəlirləri isə 18,3 milyon dramı ötüb”, - deyə məqalədə qeyd olunub.
Bildirilir ki, yalnız parlamentdən aldığı maaş 16,3 milyon dramdan çox təşkil edib.
Məqalədə vurğulanır ki, deputatın gəlirlərinin artması onun siyasi təsir imkanlarının azalması ilə paralel baş verib.
“Vətəndaş Müqaviləsi”ndə yeni simalar ön plana çıxarıldığı, köhnə komanda üzvlərinin isə ikinci plana keçirildiyi bir vaxtda Tiqranyanın maliyyə vəziyyəti ildən-ilə yaxşılaşıb.
Qəzetin məlumatına görə, 2022-ci ildə deputatın bank hesablarında cəmi 62 min dram və simvolik sayılacaq 1320 dram nağd vəsait olub. Lakin 2023-cü ildə bank vəsaitləri 1,8 milyon drama yaxınlaşıb, 2024-cü ildə isə hesab qalığı 190 min drama düşsə də, nağd vəsait 2,3 milyon drama qədər artıb.
Bununla yanaşı, onun kredit yükü də azalıb. Belə ki, 2021-ci ildə 24,3 milyon dram olan kredit qalığı 2025-ci ildə 19,2 milyon drama enib.
Qəzet qeyd edir ki, deputata və ailəsinə məxsus əmlak siyahısı kifayət qədər təvazökardır: Arabkir inzibati rayonunda mənzil və avtodayanacaq, həmçinin 1994-cü il istehsalı olan “Mercedes-Benz” markalı avtomobil.
Məqalədə diqqət çəkən əsas məqam isə pul axınının artımı hesab olunur.
“Deputat maaşından əlavə, müxtəlif illərdə Rus-Erməni Universitetindən və “digər gəlirlər” adı altında da vəsait əldə edib. Bu məbləğ bəzi illərdə 2 milyon dramdan çox olub. “Vətəndaş Müqaviləsi” daxilində Tiqranyanın siyasi təsiri zəifləsə də, şəxsi maliyyə balansı son illərdə yalnız güclənib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az