Ordu.az xəbər verir ki, bunu erməni politoloq Vahe Davtyan yazıb.
Erməni politoloq qeyd edib ki, mayın sonunda Astanada Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin rəhbərlərinin iclası keçiriləcək və Rusiya Baş nazirinin müavini Overçukun sözlərinə görə, burada Ermənistanın təşkilatdakı statusu da müzakirə olunacaq.
Davtyan bildirib ki, Ermənistan üçün taleyüklü nəticələrə səbəb ola biləcək proses başlaya bilər.
“Avrasiya İqtisadi Birliyindən çıxmaq Ermənistan üçün nə “dəyər seçimi”, nə də növbəti geosiyasi “fənd”dir. Bu, öz ayağına atəş açmaqdır. Hətta bəzi ssenarilərdə öz başına atəş açmaqdır. Son on ildə Ermənistan iqtisadiyyatı məhz Avrasiya iqtisadi sistemi çərçivəsində inkişaf edib. Avrasiya İqtisadi Birliyinə qoşulduqdan sonra Ermənistanın ÜDM-i 2,5 dəfədən çox artaraq təxminən 10 milyard ABŞ dollarından 26 milyard dollara çatıb. Ermənistan ümumi bazara, malların, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkət sisteminə çıxış əldə edib”, - deyə Davtyan bildirib.
O qeyd edib ki, buna Ermənistan iqtisadiyyatının mövcud quruluşu ilə ciddi sarsıntılar olmadan yaşaya bilməyəcəyi güzəştli enerji şərtləri də əlavə olunub.
“Qaz qiymətlərini müqayisə etmək kifayətdir. Rusiya Ermənistana qazı 1000 kubmetr üçün 177,5 ABŞ dollarına satır. Avropada isə qiymət 600 ABŞ dollarını keçir. Azərbaycan fiziki olaraq Ermənistanın qaz tələbatını ödəyə bilməz. Bunun təhlükəsizlik risklərini isə heç demirəm”, - deyə Davtyan vurğulayıb.
Onun sözlərinə görə, İran bu imkana malik olsa da, bunu yalnız Moskva ilə qərarlarını sinxronlaşdıraraq edə bilər. Axı İran-Ermənistan qaz kəməri Rusiyanın mülkiyyətidir. Bundan başqa, təsəvvür etmək çətindir ki, İrəvan “diversifikasiya” deyərkən məhz İran istiqamətini nəzərdə tutur”, - deyə Davtyan bildirib.
Erməni politoloq vurğulayıb ki, belə ssenari baş verərsə, qaz qiymətlərinin kəskin artması qaçılmaz olacaq.
“Burada sadə sual yaranır: bu fərqi kim ödəyəcək? Avropalı məmurlar? Qrant fondları? Yoxsa yenə erməni istehlakçısı və erməni biznesi?”, - deyə o sual verib.
Davtyan qeyd edib ki, “Avropa perspektivi” barədə danışıq fonunda artıq Rusiya ilə ticarət dövriyyəsinin azalması müşahidə olunur.
“2025-ci ildə bu göstərici mənfi 45 faiz olub. Rusiya istiqaməti Ermənistan üçün yalnız ixracın dörddə biri deyil, həm də sənaye kooperasiyası, pul köçürmələri, logistika zəncirləri, əmək bazarı və ölkənin iqtisadi sabitliyinin mühüm hissəsidir. Ermənistan hakimiyyəti geoiqtisadiyyatı siyasi romantizmlə əvəz etməyə çalışır. İqtisadiyyat şüarlarla yaşamır. Coğrafiyanı bəyanatlarla dəyişmək mümkün deyil. Baxmayaraq ki, indi Ermənistanın coğrafi mövqeyini dəyişdiyi elan olunur”, - deyə erməni politoloq qeyd edib.
O vurğulayıb ki, Ermənistan nə artıq resurslara malik dövlətdir, nə də əsas iqtisadi əlaqələrini ağrısız şəkildə qopara biləcək özünü təmin edən iqtisadiyyata sahibdir.
“Regional turbulentlik şəraitində Avrasiya İqtisadi Birliyindən çıxmaq zəncirvari reaksiyaya səbəb olacaq: tariflərin artması, ixracın azalması, sənayenin geriləməsi, miqrasiyanın güclənməsi və sosial gərginliyin dərinləşməsi”, - deyə Davtyan bildirib.
Erməni politoloq qeyd edib ki, bunun qaçılmaz nəticəsi siyasi böhran olacaq.
“Əsl böhran… İrəvanda artıq çoxdan strateji planlaşdırma ilə məşğul olmurlar. Ölkə “əl rejimi” ilə idarə olunur və bu idarəetmənin əsas prinsipi anın səs-küylü effekti olub”, - deyə erməni politoloq bildirib.
Alpər Mövludoğlu
Ordu.az