"Hazırda Qarabağ və Şərqi Zəngəzurun iqtisadi canlanması, əhalinin mərhələli şəkildə geri qayıdışı prioritet istiqamətlərdəndir" - Anar Quliyev

2026/05/Ekran-1779030303.jpg
Oxunub: 334     14:06     19 May 2026    
Postmünaqişə dövründə görülmüş işlər barədə dəfələrlə danışılıb və Azərbaycan nümunəsi bu kontekstdə xüsusi olaraq qeyd olunub.

Ordu.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda WUF13 çərçivəsində "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, son beş ildən artıqdır ki, Azərbaycan yenidənqurma və bərpa işlərini həyata keçirir:

"Böyük bir ərazinin transformasiyası aparılır. Təxminən otuz ilə yaxın müddətdə Azərbaycanın ərazilərinin təxminən 20 faizi işğal altında olmuşdur. Şəhər və kənd infrastrukturu dağıntılara məruz qalmış, təbii ehtiyatlar tükədilmiş, bir milyondan çox soydaşımız məcburi köçkün vəziyyətinə düşmüşdür.

Hazırda Qarabağ və Şərqi Zəngəzurun iqtisadi canlanması, əhalinin mərhələli şəkildə geri qayıdışı və xüsusilə Ağdam şəhərinin inkişafı prioritet istiqamətlərdəndir. Azərbaycan bu prosesləri əvvəlcədən koordinasiya edilmiş şəkildə həyata keçirir. Bunun üçün xüsusi koordinasiya mexanizmi yaradılmışdır. Bu mexanizm bütün hökumət qurumlarını bir araya gətirir, yüksək səviyyəli iclasların keçirilməsini təmin edir, davamlı hesabat və monitorinq aparır.

Ərazilərin minalardan təmizlənməsi məskunlaşma üçün əsas prioritetlərdən biri olmuşdur. İşğaldan azad edilmiş ərazilərdə yüz minlərlə hektar sahə minalardan təmizlənmiş, böyük miqdarda mina zərərsizləşdirilmişdir.

Azərbaycan bu sahədə yeni bir idarəetmə modeli formalaşdırmışdır. Prezidentin xüsusi nümayəndəlik institutu yaradılmış və icra prosesində yeni idarəetmə mexanizmi tətbiq olunmuşdur. Bu nümayəndəliklər bərpa və yenidənqurma işlərinin əlaqələndirilməsinə və nəzarətinə cavabdehdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anar-Quliyev   Qarabağ   ŞərqiZəngəz  


Bizi "telegram"da izləyin