Putin Zelenski ilə mümkün görüş barədə danışıb

2026/06/1780682968.jpg
Oxunub: 211     22:01     05 İyun 2026    
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən heç vaxt imtina etmədiyini, lakin nəticəsiz danışıqlara qarşı olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib ki, təxminən üç həftə əvvəl Rusiya işgüzar dairələrinin nümayəndələrindən biri ona Kiyevə dəvət olunduğunu deyib.

Onun sözlərinə görə, həmin şəxs geri qayıtdıqdan sonra əsas məsələnin Vladimir Zelenskinin görüş istəməsi olduğunu çatdırıb.

“Demişəm ki, mən heç vaxt görüşdən imtina etməmişəm. Lakin sadəcə danışmaq naminə görüşməyin mənasını görmürəm. Mən bunu artıq yaşamışam. Minsk razılaşmaları ilə bağlı təcrübəmiz var”, - deyə Putin qeyd edib.

Rusiya lideri bildirib ki, Minsk razılaşmalarının hazırlanması üçün uzun müzakirələr aparılıb, lakin sonradan Almaniya və Fransa rəhbərlərinin bəyanatlarından məlum olub ki, həmin razılaşmalar Ukraynanın yenidən silahlandırılması üçün vaxt qazanmağa xidmət edib.

Putin vurğulayıb ki, Moskva qısamüddətli deyil, uzunmüddətli və tarixi perspektivə malik razılaşmalarda maraqlıdır.

Onun sözlərinə görə, əvvəlcə mütəxəssislər konkret həll yolları hazırlamalı, yalnız bundan sonra sənədlərin imzalanması üçün yüksək səviyyəli görüşlər keçirilməlidir.

Putin həmçinin bildirib ki, 2026-cı il mayın 22-də Ukrayna qüvvələri Luqansk Xalq Respublikasında kollecin yataqxanasına zərbə endirib və nəticədə yeniyetmələr həlak olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Zelenski  


Bizi "telegram"da izləyin