Ermənistan mediası Paşinyanın “Çörək gətirən” bəyanatındakı ziddiyyəti üzə çıxarıb

2026/06/1780690593.jpg
Oxunub: 215     00:15     06 İyun 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan seçki debatları zamanı yenidən Artur Sarkisyanın (“Çörək gətirən”) işi ilə bağlı açıqlama verib və onun saxta məhkəmə qərarları nəticəsində həyatını itirdiyini bildirib.

Ordu.az xəbər verir ki, Ermənistan mediası Paşinyanın bu açıqlamasından sonra həmin iş üzrə qərarlar qəbul etmiş müstəntiq və hakimlərin sonrakı taleyinə diqqət çəkib.

Məlumata görə, Artur Sarkisyan 2016-cı ildə silahlı qrupun yerləşdiyi polis alayına ərzaq aparması ilə tanınmışdı. Daha sonra o, “Sasna Tsrer” işi çərçivəsində həbs edilmiş, səhhətindəki problemlərə baxmayaraq yenidən həbs olunmuş və 2017-ci ilin martında xəstəxanada ölmüşdü.

Qeyd olunur ki, Sarkisyanın yenidən həbs olunması barədə vəsatəti təqdim edən erməni müstəntiq Edik Hakopyan sonrakı illərdə yüksək vəzifələrə təyin olunub. O, Ermənistan Antikorrupsiya Komitəsi sədrinin müavini vəzifəsinə qədər yüksəlib, həmçinin dövlət mükafatları alıb.

Bundan başqa, Sarkisyanın həbs qərarını təsdiqləyən hakim Artur Mkrtçyan da sonradan vəzifədə irəliləyərək 2024-cü ildə İrəvan Şəhər Ümumi Yurisdiksiya Məhkəməsinin sədri seçilib.

Ermənistan KİV-ləri vurğulayır ki, Paşinyan bir tərəfdən “Çörək gətirən” işini əvvəlki hakimiyyətin ədalətsizliyinin nümunəsi kimi təqdim edir, digər tərəfdən isə həmin iş üzrə əsas qərarları vermiş şəxslər onun hakimiyyəti dövründə vəzifə yüksəlişi və mükafatlar əldə ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin