Britaniya MQ-9 “Reaper” PUA-sını muzeyə göndərib

2026/06/Ekran-1780680020.jpg
Oxunub: 218     21:20     05 İyun 2026    
Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin uzun illər xidmət göstərmiş MQ-9 “Reaper” Pilotsuz Uçuş Aparatı (PUA) muzey eksponatına çevrilir.

Ordu.az xəbər verir ki, bu barədə Kral Hərbi Hava Qüvvələri (RAF) məlumat yayıb.

18 il ərzində fasiləsiz xidmət göstərən və 2025-ci ildə istismardan çıxarılan “General Atomics MQ-9 Reaper” PUA-sı Böyük Britaniyada muzey kolleksiyasına daxil edilən ilk bu tip hava platforması olacaq.

2007-ci ildə RAF-ın silahlanmasına qəbul edilən MQ-9 “Reaper” PUA-sı Əfqanıstan, İraq və Suriyadakı əməliyyatlarda geniş istifadə olunub.

Platforma uzun müddət hədəf üzərində qalmaq qabiliyyəti sayəsində həm kəşfiyyat, həm də yüksək dəqiqlikli “hava-yer” əməliyyatlarında mühüm rol oynayıb.

RAF bildirib ki, MQ-9 “Reaper” müasir döyüş meydanında zərbə PUA-larının effektivliyini nümayiş etdirən ən əhəmiyyətli nümunələrdən biri hesab olunur.

PUA son uçuşunu 2025-ci il oktyabrın 3-də həyata keçirib. RAF-a məxsus “Reaper”lər ümumilikdə 173 min saatdan çox uçuş həyata keçirib ki, bu da təxminən 20 illik fasiləsiz fəaliyyətə bərabərdir.

Sistem Birgə Hava Platformalarının Bərpası və Daşınması Eskadronu (JARTS) tərəfindən RAF “Cosford” bazasına çatdırılıb və hazırda mütəxəssislər tərəfindən yenidən yığılır.

MQ-9 “Reaper” iyunun 14-də keçiriləcək RAF “Cosford Air Show” sərgisində ilk dəfə ictimaiyyətə nümayiş etdiriləcək. Daha sonra platforma RAF “Museum Midlands”da yaradılan “RAF: 1980-ci ildən günümüzə qədər” adlı daimi sərgidə yer alacaq.

RAF Muzeyinin aviasiya və sərgilər üzrə kuratoru Tom Hopkins bildirib ki, yaxın zamanda istismardan çıxarılan “Reaper” Böyük Britaniyada muzey kolleksiyasına daxil edilən ilk belə platforma olacaq.

Sərgidə MQ-9 “Reaper” ilə yanaşı “British Aerospace Hawk” T1A təlim təyyarəsi, “Westland Puma” HC1 helikopteri və Folklend müharibəsinin veteranı olan “Chinook Bravo November” helikopteri də nümayiş etdiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   MQ-9-Reaper   PUA  


Bizi "telegram"da izləyin