Ermənistanın sabiq müdafiə naziri: “Siyasi rəqiblərə qarşı saxta cinayət işləri açmaq cinayət xarakterli əməldir”

2026/06/1780721339.jpg
Oxunub: 254     08:48     06 İyun 2026    
Ermənistanın sabiq müdafiə naziri Vigen Sarkisyan ona qarşı irəli sürülən ittihamlara münasibət bildirib və bunların siyasi motivli olduğunu iddia edib.

Ordu.az xəbər verir ki, Vigen Sarkisyan bununla bağlı yaydığı açıqlamada onunla hər hansı statusda çalışmış hər kəsin dövlət maraqlarına zidd addım atmadığını yaxşı bildiyini iddia edib.

Sabiq erməni nazir bildirib ki, hakimiyyətin nəzarətində olduğunu iddia etdiyi müstəntiqlərin bu dəfə nə uydurduğunu bilmir. Onun sözlərinə görə, universitet əmlakının özgəninkiləşdirilməsi ilə bağlı sözügedən hadisəni ümumiyyətlə xatırlamır, lakin əmindir ki, institutun maraqlarına zidd hər hansı qərarın qəbul edilməsi mümkün olmayıb.

“Əminliklə deyə bilərəm ki, Bryusov adına institutun maraqlarına zidd qərar qəbul etməyimiz mümkün deyildi. Biz heç vaxt belə addım atmazdıq. Buna görə də həm bu yeni, həm də əvvəlki uydurma ittihamlarla bağlı son dərəcə sakitəm”, - deyə o qeyd edib.

Vigen Sarkisyan istintaq orqanının tələsik yaydığı məlumatın əsas məqsədinin onun yaxın dostu, Ermənistan müxalifətinin ən düşünən, bacarıqlı və təsirli simalarından biri hesab etdiyi Armen Aşotyanı cəzalandırmaq olduğunu bildirib.

“Bu addım Armen Aşotyanın bir gün əvvəlki efirdə səsləndirdiyi fikirlərə görə ona təzyiq göstərmək və qarşıdakı daxili siyasi proseslərdə iştirakının qarşısını almaq məqsədi daşıyır”, - deyə o qeyd edib.

Sarkisyan vurğulayıb ki, siyasi rəqiblərə qarşı saxta cinayət işləri açmaq cinayət xarakterli əməldir.

“Siyasi rəqiblərə qarşı iş quraşdırmaq sadəcə biabırçı hadisə deyil. Bu, Ermənistan Respublikasının Konstitusiyası və qanunvericiliyi ilə qadağan olunmuş, nəticə etibarilə cinayət xarakterli əməldir”, - deyə o vurğulayıb.

Sabiq erməni müdafiə naziri Ermənistan cəmiyyətinə də müraciət edərək vətəndaş mövqeyi nümayiş etdirməyə çağırıb.

O, sakinləri 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində fəal iştirak etməyə səsləyib.

“Bu seçkilər adi parlament seçkilərindən daha böyük əhəmiyyət daşıyır. Bu seçkilər ölkəni milli fəlakətdən və xroniki kapitulyantdan xilas etmək üçün son fürsətdir”, - deyə Sarkisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan  


Bizi "telegram"da izləyin