Paşinyan müxalifəti hədələyib və hüquq-mühafizə orqanlarına çağırış edkib

2026/06/1780689758.jpg
Oxunub: 201     23:50     05 İyun 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra müxalifət nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunmalı olduğunu bildirib və məhkəmə sistemində geniş dəyişikliklər vəd edib.

Ordu.az xəbər verir ki, bu barədə Paşinyan İrəvanın Respublika meydanında keçirilən mitinqdə çıxışı zamanı danışıb.

O, iyunun 7-də keçiriləcək seçkilərdən sonra müxalif qüvvələrin parlamentə düşməməsinin vacib olduğunu vurğulayıb. Paşinyan həmçinin Ermənistanın ikinci prezidenti Robert Köçəryanın 2008-ci il 1 mart hadisələrinə görə həbs edilərək məhkəmə qarşısına çıxarılmalı olduğunu söyləyib.

Paşinyan Baş Prokurorluğun Köçəryan ailəsindən 200 milyon dollar dəyərində qanunsuz əmlak və vəsaitin geri qaytarılmasını tələb etdiyini qeyd edib.

Paşinyan “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyanı da ordunu talamaqda ittiham edib və onun ciddi şəkildə cəzalandırılmalı olduğunu bildirib. O, “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirildiyini və bundan sonra dövlətə məxsus olacağını vurğulayıb.

Ermənistanın Baş naziri, həmçinin erməni iş adamı Qaqik Sarukyanın dövlətə 300 milyon dollar dəyərində əmlak qaytarmalı olduğunu və onunla bağlı cinayət məsuliyyətinin tətbiq edilməsinin vacibliyini qeyd edib.

Paşinyan məhkəmə sistemini tənqid edərək bildirib ki, seçkilərdən sonra yeni Konstitusiya qəbul ediləcək və bütün hakimlər yenidən attestasiya prosesindən keçəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin