ABŞ İranın Türkiyə, BƏƏ və Çindəki vasitəçilərinə qarşı yeni sanksiyalar tətbiq edib

2026/03/1773212137.jpg
Oxunub: 213     22:09     05 İyun 2026    
ABŞ Maliyyə Nazirliyi İranın enerji satışlarından əldə etdiyi gəlirləri azaltmağa yönəlmiş yeni sanksiyalar paketini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) məlumat yayıb.

Məlumata görə, sanksiyalar İranın mayeləşdirilmiş qazını Cənubi və Şərqi Asiyaya Oman məhsulu kimi təqdim edərək satan beynəlxalq şəbəkəni hədəf alıb.

ABŞ tərəfi bildirir ki, milyonlarla barel yanacağın satışı üçün BƏƏ və Çində gizli bank hesablarından və saxta şirkətlərdən istifadə olunub.

Sxemin təşkilatçıları kimi Əfqanıstan vətəndaşı Sərbaz Abdul Zadə və Türkiyə vətəndaşı Məhəmməd Şakol Mihəndust göstərilib.

Sanksiya siyahısına BƏƏ-də fəaliyyət göstərən “Butani Trading”, “Dundlod Trading”, “ADH Energy”, “Sahel Star”, eləcə də Çinin “Shanghai Qianye Energy” şirkəti daxil edilib.

Bundan başqa, “kölgə donanması”nın tərkibinə aid MD 23, GLENDALE, AMIR GAS, GAS LAGOON, MILE və GAZ GMS adlı altı qazdaşıyan gəmi və onların nominal sahibləri də sanksiyalara məruz qalıb. OFAC eyni zamanda İranın “kölgə bankçılıq” sisteminə qarşı da tədbirlər görüb.

Yeni sanksiyalar çərçivəsində “Mehrdad Geramian Nik and Partners Company” (Geramian Exchange) şirkəti və onun rəhbərləri Mehrdad Geramian Nik və Romina Geramian Nik qara siyahıya salınıb.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu şəbəkə İranın sanksiya altında olan iri bankları, o cümlədən “Bank Tejarat”, “Bank Mellat” və “Bank Pasargad” üçün yüz milyonlarla dollar həcmində valyuta əməliyyatları həyata keçirib.

Qərara əsasən, ABŞ yurisdiksiyasındakı bütün aktivlər dondurulur və həmin şəxslərlə hər hansı əməliyyat aparılması qadağan edilir.

Vaşinqton həmçinin xəbərdarlıq edib ki, qeyd olunan şəxslər və şirkətlərlə əməkdaşlığı davam etdirən xarici müəssisələr, aviaşirkətlər və beynəlxalq banklar da ikinci dərəcəli ABŞ sanksiyalarına məruz qala bilərlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Sanksiya  


Bizi "telegram"da izləyin