11 ölkə və Aİ İsrail ilə “Hizbullah”ı atəşkəsə əməl etməyə çağırıb

2026/06/1780689923.jpg
Oxunub: 209     00:01     06 İyun 2026    
11 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqı Livanda vəziyyətin gərginləşməsindən narahat olduqlarını bildirərək tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırıblar.

Ordu.az xəbər verir ki, Kanada, Avstraliya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici siyasət idarələrinin rəhbərləri, eləcə də Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bununla bağlı birgə bəyanat yayıblar.

Bəyanatda münaqişə tərəflərinə maksimum təmkin nümayiş etdirmək, atəşkəs rejiminə ciddi əməl etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək çağırışı edilib.

Sənəddə Livan hökumətinə dəstək ifadə olunaraq BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun şəkildə dövlət hakimiyyətinin bütün ölkə ərazisində möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər “Hizbullah”dan İsrailə qarşı hücumları dayandırmağı, İsraildən isə Livanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyi, həmçinin hərbi eskalasiyadan çəkinməyi tələb ediblər.

Bəyanatda ABŞ və beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə aparılan diplomatik səylərə dəstək ifadə olunub və Livanla İsrail xalqlarının sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququnun təmin edilməsinin vacibliyi qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin