Litva hava məkanının pozulması ilə bağlı Belarusa kəskin etirazını bildirib

2026/05/1778352229.jpg
Oxunub: 436     23:44     14 May 2026    
Litva Xarici İşlər Nazirliyinə çağırılan Belarus səfirliyinin müvəqqəti işlər vəkilinə çərşənbə gecəsi Litvanın dövlət sərhədində hava məkanının pozulması ilə bağlı cümə axşamı kəskin etiraz təqdim olunub.

Ordu.az xəbər verir ki, bu barədə LRT Litva Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

XİN-də bildirilib ki, bu pozuntu mülki aviasiyanın təhlükəsizliyi üçün birbaşa təhdid yaradıb və Vilnüs Beynəlxalq Hava Limanı üzərində hava məkanından istifadənin müvəqqəti məhdudlaşdırılmasına səbəb olub.

Belarus diplomatına bir daha xatırladılıb ki, bu cür davamlı insidentlər beynəlxalq hüququn ciddi pozuntuları və Litvaya qarşı yönəlmiş qəsdən həyata keçirilən hibrid hücumlar kimi qiymətləndirilir və buna görə məsuliyyət Belarusun üzərinə düşür.

“Litva Hava Limanları” şirkətinin məlumatına görə, məhdudiyyətlər iki reysə təsir edib və 120-dən çox sərnişinə narahatlıq yaradıb. Bir təyyarə Kopenhagen hava limanına yönləndirilib, digər reys isə ləğv olunub.

Nazirlik Belarusdan öz ərazisində və hava məkanında baş verən hadisələrə nəzarətlə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməyi və gələcəkdə bu cür pozuntuların qarşısını almaq üçün təcili və effektiv tədbirlər görməyi bir daha tələb edib.

ELTA agentliyinin xatırlatdığına görə, hava şarları ilə bağlı böhran səbəbindən ötən ilin sonunda Litva hökuməti ölkə üzrə fövqəladə vəziyyət elan etmişdi.

Belarusdan buraxılan qaçaqmalçı hava şarlarının yaratdığı təhlükə səbəbindən ötən ilin oktyabr, noyabr və dekabr aylarında Vilnüs hava limanının fəaliyyəti dəfələrlə dayandırılıb.

Litva həmçinin Belarusdan meteoroloji şarların təkrar daxil olması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edib.

ELTA-nın məlumatına görə, çərşənbə gecəsi Belarus ərazisindən buraxılmış qaçaqmalçı hava şarları səbəbindən Vilnüs hava limanı üzərində hava məkanından istifadəyə bir saatlıq məhdudiyyət tətbiq olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Belarus  


Bizi "telegram"da izləyin