İran XİN: Hörmüz boğazı ilə bağlı dövlət qurumlarının fəaliyyəti yalnız qarşılıqlı koordinasiya əsasında həyata keçirilməlidir

2026/03/1774204645.jpg
Oxunub: 246     18:11     06 İyun 2026    
İran Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qaribabadi bəyan edib ki, Hörmüz boğazı ilə bağlı dövlət qurumlarının fəaliyyəti yalnız qarşılıqlı koordinasiya əsasında həyata keçirilməlidir.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qaribabadi agentliyə müsahibəsində bildirib ki, İran Xarici İşlər Nazirliyi bir dəfə müvafiq təşəbbüsün müzakirəsinə dəvət olunsa da, nazirlik və hökumət həmin məsələyə baxılması üçün hələ rəsmi sənədlər əldə etməyib.

Onun sözlərinə görə, İran parlamenti bütün dövlət qurumları tərəfindən icrası məcburi olan qanunlar qəbul etmək səlahiyyətinə malikdir. Bununla belə, milli əhəmiyyət daşıyan və xüsusi həssaslığa malik məsələlərdə bütün qurumlar arasında əvvəlcədən koordinasiyanın təmin olunması vacibdir.

Qaribabadi vurğulayıb ki, Hörmüz boğazı ilə bağlı hər hansı addım İran İslam Respublikasının idarəetmə sistemi çərçivəsində, hökumət, parlament, silahlı qüvvələr və digər əsas strukturların iştirakı ilə həyata keçirilməlidir.

O əlavə edib ki, əgər hökumət hər hansı addım planlaşdırırsa, hərbi və inqilabi qurumların mövqeyini nəzərə almalıdır. Parlament isə öz növbəsində icra hakimiyyəti və güc strukturları ilə məsləhətləşmələr aparmağa borcludur.

Onun sözlərinə görə, belə koordinasiya zəruridir, çünki söhbət “milli əhəmiyyət daşıyan və həssas məsələ”dən gedir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz   Qaribabadi  


Bizi "telegram"da izləyin