“168.am”: Ermənistan bazarı türk kənd təsərrüfatı məhsulları üçün hazırlanır

2026/06/1780688926.jpg
Oxunub: 249     16:47     06 İyun 2026    
“Ermənistanda kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxışı ilə bağlı yaranmış problemlər fonunda hakimiyyətin siyasəti yenidən tənqid hədəfinə çevrilib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Ermənistan bazarı türk kənd təsərrüfatı məhsulları üçün hazırlanır” başlıqlı məqaləsində yazıb.

Nəşr bildirib ki, mövcud vəziyyətin əsas zərərçəkəni fermerlərdir.

“Fermer işləyib, əziyyət çəkib, məhsul yetişdirib ki, onu sata və ailəsinin dolanışığını təmin edə bilsin. Lakin hakimiyyətin siyasəti nəticəsində çıxılmaz vəziyyətə düşüb. Daxili bazar kiçikdir, əsas ixrac bazarına çıxış isə bağlanıb. Çünki hakimiyyət bir iqtisadi birliyin üstünlüklərindən yararlanıb, eyni zamanda başqa iqtisadi birliyə yönəlməyin mümkün olduğunu düşünüb”, - deyə məqalədə qeyd olunub.

Nəşr vurğulayıb ki, Rusiya bazarının bir sıra erməni kənd təsərrüfatı məhsulları üçün bağlanacağı məlum olduqdan sonra iqtisadiyyat naziri iri istixana təsərrüfatlarının sahibləri ilə müşavirə keçirib.

“Nazir yenidən ixracın şaxələndirilməsindən danışıb və bildirib ki, ənənəvi bazarlarla yanaşı, erməni məhsullarının beynəlxalq bazarlarda təmsilçiliyinin artırılması üçün addımlar atılmalıdır. Necə? Bu artıq başqa sualdır. Vəziyyət kritik həddə çatdıqdan sonra xatırlayıblar ki, alternativ bazarlar tapmaq lazımdır. Halbuki bu, nə bir günə, nə də bir aya mümkün olan işdir. Bunun üçün illərlə çalışmaq lazımdır”, - deyə nəşr yazıb.

Məqalə müəllifinin fikrincə, hakimiyyət illərlə ixrac bazarlarının şaxələndirilməsi istiqamətində real addımlar atmayıb və nəticədə Ermənistan kənd təsərrüfatı məhsullarının 85-90 faizi Rusiya bazarından asılı vəziyyətdə qalıb.

“Bu, bir bazardan açıq asılılıqdır. İllər ərzində həmin asılılığı azaltmaq üçün heç nə edilməyib. Əgər edilsəydi, bu gün belə vəziyyət yaranmazdı. Bazar bağlanıb, məhsul xarab olur, yalnız indi ixracın şaxələndirilməsindən danışırlar”, - deyə məqalədə bildirilib.

Nəşr Ermənistanın iqtisadiyyat nazirinin Ermənistanın məhsullarını Avropa İttifaqı bazarına yönəltməyə hazır olması barədə bəyanatına da toxunub.

“Əgər Rusiya bazarında məhdudiyyətlər tətbiq olunarsa, Ermənistan ixracını tam şəkildə Avropa İttifaqına yönəltməyə hazırdır”, - deyə erməni nazir bildirib.

Buna münasibət bildirən nəşr yazıb: “Əgər buna hazır idinizsə, niyə indiyədək ixrac etmirdiniz? İndiyə qədər Avropa bazarlarına kənd təsərrüfatı məhsulu çıxara bilməmisiniz, indi birdən-birə bütün problemlərin həll olunduğunu deyirsiniz. Avropada heç kim erməni kənd təsərrüfatı məhsullarını səbirsizliklə gözləmir”.

Məqalədə həmçinin nazirin Avropa İttifaqına ixrac üçün nəqliyyat və gömrük xərclərinin subsidiyalaşdırılması imkanlarının nəzərdən keçirildiyi barədə açıqlamasına da yer verilib.

“Kimə nəyi sübut etməyə çalışırlar? Əgər hər şey bu qədər asan idisə, niyə bu günə qədər həll etmirdiniz? Bütün bunlar sadəcə seçkiqabağı manevrdir. Seçkilər ərəfəsində fermerləri sakitləşdirməyə çalışırlar ki, guya satış problemləri həll olunub”, - deyə nəşr qeyd edib.

Müəllif hesab edir ki, mövcud problemlər seçkilərdən sonra daha da dərinləşə bilər.

“Bu gün yalnız məhsulların satışı ilə bağlı bazar problemləri yaranıb. Sabah qazın qiyməti bahalaşdıqda istixana təsərrüfatları bunun öhdəsindən necə gələcək? Məhsulun maya dəyəri kəskin artacaq və erməni kənd təsərrüfatı məhsullarının hazırda malik olduğu məhdud rəqabət imkanları da itəcək.

Bu, ilk növbədə istixana təsərrüfatları üçün məhvedici prosesdir. İnsanlar müflis olacaq, kredit borcları altında qalacaq, öz əmlakları ilə cavab verməli olacaqlar”, - deyə məqalədə vurğulanıb.

Nəşrin qənaətinə görə, yaranmış vəziyyət nəticəsində yerli istehsal zəifləyəcək və Ermənistan bazarında idxal məhsullarının payı artacaq.

“Fermerlər torpaq becərməkdən və məhsul istehsalından imtina edəcəklər. Erməni kənd təsərrüfatı məhsullarını idxal olunan məhsullar əvəz edəcək. Bu isə Ermənistan bazarında türk kənd təsərrüfatı məhsulları üçün yolun açılması deməkdir. Yerli məhsullar həmin məhsullarla rəqabət apara bilməyəcək”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kənd-təsərrüfatı   Rusiya  


Bizi "telegram"da izləyin