“Rusiya ilə münasibətlərdə gərginlik görmürəm” - Paşinyan

2026/06/1780816676.jpg
Oxunub: 267     11:12     07 İyun 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə hər hansı gərginlik görmədiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə o, iyunun 7-də səsvermədən sonra jurnalistlərlə söhbətində danışıb.

Paşinyan parlament seçkilərinin regiona təsiri ilə bağlı suala cavabında demokratiyanın həmişə regional əməkdaşlıq üçün işlədiyini və regional sülhün aləti olduğunu deyib.

“Mən regionumuzun dinc gələcəyinə inanıram, çünki xoşbəxtlikdən Azərbaycanla sülhümüz var. Gürcüstanla çox dərin münasibətlərimiz mövcuddur. Türkiyə ilə diplomatik münasibətlərin qurulacağını gözləyirəm. Əminəm ki, yaxın vaxtlarda Türkiyə ilə dəmir yolu və avtomobil yolları da açılacaq. TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi oyunun qaydalarını dəyişən layihədir və regionun bütün ölkələrinə fayda verəcək. Bu həm Ermənistan, həm Azərbaycan, həm Türkiyə, həm Gürcüstan, həm də İran üçün sərfəlidir”, - deyə o bildirib.

Paşinyan əlavə edib ki, Rusiya ilə münasibətlərdə müşahidə olunan gərginlik süni xarakter daşıyır.

“Rusiya ilə münasibətlər institusional əsaslara malikdir və qarşılıqlı hörmət üzərində qurulub. Ermənistanda fəaliyyət göstərən bəzi qüvvələr Ermənistan-Rusiya münasibətlərində gərginlik yaratmağa çalışırlar. Bu gərginliklər yaranmır, çünki Rusiya Prezidenti ilə çox sıx münasibətlərimiz var”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Seçkilərdə 18 siyasi qüvvə (2 blok və 16 partiya) iştirak edir. Səsvermə hüququna malik vətəndaşların sayı 2 milyon 485 min 851 nəfərdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin