3755, 3833, 4991: Ermənistanın 44 günlük müharibə itkilərində hansı rəqəm doğrudur?

2026/06/1780688855.jpg
Oxunub: 341     16:51     06 İyun 2026    
“Ermənistanda 44 günlük müharibədə lənlərin sayı ilə bağlı hakimiyyət nümayəndələrinin açıqlamaları ətrafında müzakirələr davam edir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “44 günlük müharibədə ölənlərin bir hissəsinin “silinməsi” riyakarlıq deyilmi?” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, iyunun 4-də İctimai Televiziyanın “Ermənistan seçir” layihəsi çərçivəsində keçirilən debat zamanı Baş nazir Nikol Paşinyan bildirib ki, 44 günlük müharibə zamanı 3755 hərbçi ölüb.

“Paşinyan bunun rəsmi rəqəm olduğunu bildirib və nədənsə 44 günlük müharibədə ölmüş bəzi şəxsləri unudub. Müxtəlif səbəblərdən hərbi əməliyyatların mərkəzində qalan həmin şəxslər də müharibənin qurbanları olublar”, - deyə nəşr qeyd edib.

Məqalədə xatırladılıb ki, Ermənistan parlamentinin sədri Alen Simonyan bundan əvvəl belə demişdi: “Bəzi riyakar müxalifət nümayəndələri seçki dövründə “qəhrəmanlar”ımızın sayını süni şəkildə artırmağa çalışır və 5000, 6000, hətta 10 min nəfərdən danışırlar. Halbuki 44 günlük müharibə ilə bağlı cinayət işlərində bu rəqəm 3833-dür”.

“Maraqlıdır, bəs 44 günlük müharibədə ölmüş 78 şəxsin unudulması riyakarlıq deyilmi? Ölənlərin sayını artırmaqla onu azaltmaq arasında fərq varmı?”, - deyə nəşr sual edib.

Məqalədə həmçinin Paşinyanın debat zamanı Arman Tatoyanın səsləndirdiyi rəqəmlərlə razılaşmadığı vurğulanıb.

“Paşinyan hakimiyyəti dövründə döyüş itkilərinin 4991 nəfər olduğunu deyən Arman Tatoyana cavab olaraq bildirib ki, 2018-ci ildən bu günə qədər döyüş əməliyyatları nəticəsində, 4273 nəfər ölüb”, - deyə nəşr yazıb.

Nəşr daha sonra müxtəlif dövrlərdə baş vermiş hərbi əməliyyatlar zamanı qeydə alınan itkiləri sadalayaraq qeyd edib ki, rəsmi məlumatlara əsasən, 44 günlük müharibədə ölənlərin sayı 3833 nəfərdir və bu rəqəmə təxminən 190 itkin düşmüş şəxs daxil deyil. Onların 170-dən çoxunun hərbçi olduğu bildirilir.

“İndi isə anlamağa çalışaq ki, kimin təqdim etdiyi rəqəm doğrudur, Arman Tatoyanın, yoxsa Nikol Paşinyanın? 2022-ci ilin sentyabr döyüşlərində Ermənistan tərəfi 224 nəfər itki verib. Bundan başqa, 2018-2022-ci illər üzrə statistik göstəricilərdə, 2020-ci il müharibəsinin itkiləri çıxılmaqla, 593 döyüş itkisi yer alıb.

Ermənistan hökumətinin 2021-2026-cı illər proqramının icrası ilə bağlı hesabatında qeyd olunur ki, 2023-cü ildə Silahlı Qüvvələrdə döyüş şəraitində 19 hərbçi ölüb”, - deyə məqalədə bildirilib.

Məqalədə həmçinin 2023-cü ilin sentyabrında Qarabağda baş verən hadisələr zamanı Ermənistan tərəfinin 207 nəfər itki verdiyi, eləcə də yanacaq anbarında baş vermiş partlayış nəticəsində 200-dən çox insanın öldüyü xatırladılıb.

“Nikol Paşinyan baş nazir olduğu səkkiz il ərzində ölənlərin sayını nə qədər azaltmağa və ya sadalanan hadisələri nəzərə almamağa çalışsa da, həmin faciələr baş verib və insan həyatları bahasına başa gəlib.

Hakimiyyət bu statistika ilə razı deyilsə, 44 günlük müharibə, 2022-ci ilin sentyabr döyüşləri və 2023-cü ildə Qarabağda baş vermiş hadisələr zamanı ölənlərin siyahısını dərc edə bilər. Bəs niyə bu günə qədər bunu etməyib?

Biz xatırlayırıq ki, 2021-ci ilin noyabr döyüşləri ilə bağlı da hakimiyyət nümayəndələri ziddiyyətli rəqəmlər səsləndirirdilər. Məsələn, Müdafiə Nazirliyi 6 nəfərin öldüyünü bildirdiyi halda, parlamentin Xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan Ermənistan tərəfinin ən azı 15 itki verdiyini açıqlamışdı.

Və məhz bu hakimiyyət indi başqalarını yalan danışmaqda ittiham etmək, kiminsə ölənlərin xatirəsinə hörmət edib-etmədiyini müzakirə etmək hüququnu özündə görür. Halbuki onların özləri dəfələrlə öz dövlət institutlarının açıqlamalarını təkzib edən rəqəmlər səsləndiriblər”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin