Latviyada İsveç, Kanada və Baltik ölkələrinin iştirakı ilə beynəlxalq hava hücumundan müdafiə təlimləri keçirilir

2021/05/45454-1621234690.jpg
Oxunub: 238     19:33     06 İyun 2026    
2026-cı il iyunun 1-dən 10-dək Latviyanın Cənubi Kurzeme bölgəsinin Nitsa icmasında yerləşən “Yurmaltsiems” hərbi aviasiya poliqonunda “Baltic Zenith 2026” beynəlxalq təlimləri keçirilir.

Ordu.az xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimlərin məqsədi yaxın mənzilli hava hücumundan müdafiə mütəxəssislərinin hava hədəflərinə qarşı döyüş atışları aparmaq bacarıqlarının hazırlanması və təkmilləşdirilməsidir.

Təlimlərdə Latviya, Litva, İsveç və Kanadanın silahlı qüvvələrinin hərbi qulluqçuları iştirak edirlər.

Təlim zamanı iştirakçılar hava hədəflərinə qarşı RBS-70 və GROM qısa mənzilli daşınan zenit-raket komplekslərindən istifadə etməklə döyüş atışları həyata keçirirlər. İsveç hərbçiləri həmçinin 40 millimetrlik avtomatik toplarla təchiz olunmuş CV90 piyadaların döyüş maşınları ilə məşqlər icra edirlər.

RBS-70 kompleksi mühüm obyektlərin mühafizəsi və döyüş meydanında bölmələrin dəstəklənməsi üçün istifadə olunur. GROM sistemi isə 5,5 kilometrədək məsafədə yerləşən hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub. CV90 döyüş maşını şəxsi heyətin daşınması, atəş dəstəyinin göstərilməsi və bölmələrin yüksək hərəkət qabiliyyətinin təmin edilməsi üçün istifadə edilir. Eyni zamanda o, düşmən atəşindən müdafiəni də təmin edir.

Təlimlərin əsas məqsədi müttəfiqlər arasında qarşılıqlı fəaliyyət və uyğunluğu gücləndirmək, həmçinin birgə tapşırıqların icrası zamanı vahid bölmə kimi fəaliyyət göstərmək bacarığını artırmaqdır. Tədbirlər çərçivəsində hərbi dəniz qüvvələri Baltik dənizinin ərazi sularında təhlükəsizliyi təmin edir.

Hava hədəflərinə qarşı döyüş atışları 2026-cı il iyunun 3-dən 9-dək əsasən gündüz və axşam saatlarında, həmçinin iyunun 4-nə keçən gecə həyata keçirilir. Təhlükəsizliyin təmin olunması məqsədilə hava və dəniz məkanlarında qapalı zonalar müəyyən edilir. Təlim poliqonu ərazisində sahilboyu zonada aşağı hündürlükdə uçan pilotsuz uçuş aparatlarınım fəaliyyəti də müşahidə olunur.

Təlimlərin keçirilməsi Cənubi Kurzeme bölgəsinin yerli hakimiyyət orqanları ilə razılaşdırılıb və əhalinin təhlükəsizliyinin təmin olunması üzrə tədbirlərlə müşayiət edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   İsveç   Kanada   Baltik  


Bizi "telegram"da izləyin