Ordu.az xəbər verir ki, Almaniya Federal Hökumətinin dəstəklədiyi proqram çərçivəsində həyata keçiriləcək tədarüklər şirkət tarixindəki ən böyük birdəfəlik sifariş hesab olunur.
Şirkətin açıqlamasına görə, sistemlər hərbi birliklərdən insansız sistemlərə, rabitə infrastrukturundan kritik mülki obyektlərə qədər geniş istifadə sahəsinə malik olacaq.
Müqavilə çərçivəsində təhvil veriləcək hibrid sistemlər yanacaq elementləri ilə batareyaları birləşdirərək sahədə fasiləsiz və mərkəzləşdirilməmiş enerji istehsalı təmin edir.
Bu sistemlərin hərbi birliklərdə, rabitə və naviqasiya sistemlərində, kəşfiyyat və müşahidə avadanlıqlarında, pilotsuz uçuş aparatlarında və kritik mülki infrastrukturlarda istifadə olunması planlaşdırılır.
“SFC Energy” sistemlərin çətin əməliyyat şəraitində sürətli yerləşdirməyə uyğun şəkildə hazırlandığını bildirib.
Şirkət qeyd edib ki, hibrid enerji həlləri aşağı termal və akustik iz buraxır, bu isə əməliyyat görünmməsini azaldaraq şəxsi heyətin təhlükəsizliyini artırır.
Bundan əlavə, ənənəvi batareya həlləri ilə müqayisədə daha az sərfiyyat materialı tələb edən sistemlər logistika yükünü azaldaraq sursat, ərzaq və su kimi kritik materiallar üçün əlavə daşıma imkanı yaradır.
“SFC Energy” Almaniya Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən Ukrayna Tapşırıq Qrupu ilə koordinasiyalı şəkildə Ukraynada təlim, texniki xidmət və dəstək infrastrukturu yaradacaq.
Şirkət bildirib ki, bu struktur 2026-cı ildən sonra da həm hərbi əməliyyatları, həm də Ukraynanın yenidənqurma fəaliyyətlərini dəstəkləyəcək.
“SFC Energy”nin baş icraçı direktoru Peter Podesser müqavilə ilə bağlı bildirib:
“Ukraynanın bizə göstərdiyi etimada görə təşəkkür edirik. Döyüş şəraitində özünü sübut etmiş, yüksək hərəkət qabiliyyətinə malik sistemlərimizlə mühüm töhfə verməkdən qürur duyuruq”.
Podesser əlavə edib ki, şirkət Ukraynada yerli dəstək və dəyər zənciri infrastrukturu yaradaraq texnologiyaların uzunmüddətli istifadəsini təmin etməyi hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az