“Hraparak”: Zəngəzur Paşinyanı pis qarşıladı, bu gün Qafanda mitinq planlaşdırılıb

2026/05/1778317031.jpg
Oxunub: 589     12:54     09 May 2026    
Ötən gün iyunun 7-nə təyin edilmiş parlament seçkilərinin seçkiqabağı təşviqat kampaniyasına start verilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri “Zəngəzur Paşinyanı pis qarşıladı, bu gün Qafanda mitinq planlaşdırılıb” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, hakim qüvvə Nikol Paşinyanın rəhbərliyi altında “ürəklər” və “sülh” şüarları ilə kampaniyaya Ermənistanın cənubundan, Zəngəzurdan başlayıb, halbuki “Vətəndaş Müqaviləsi” partiyası aylar əvvəl təşviqat kampaniyasına start vermişdi.

Məqalədə qeyd olunur ki, təşviqat kampaniyasına bu gün təhlükəsizlik baxımından Ermənistanın ən həssas bölgəsi sayılan Zəngəzurdan başlanılıb.

“İlk dayanacaq Sisian və ona yaxın bir neçə icma olub. Mənbələrin məlumatına görə, hakimiyyət mümkün qədər etiraz və müqavimət olmadan kampaniyanın keçirilə biləcəyi yaşayış məntəqələrini seçib.

Məsələn, Salvard kənd sakinlərindən biri bildirib ki, Paşinyanın korteji onların kəndinin yanından keçsə də, kəndə daxil olmayıb. Halbuki sakinlər Paşinyanı “qarşılamağa” hazır imişlər. Səbəb isə hakimiyyətin Salvard orta məktəbini bağlamaq qərarı olub. Yerli sakinlər narazılıqlarını açıq şəkildə ifadə etməyə hazırlaşsalar da, Paşinyan kəndə getməyib.

Sisian hissəsində kampaniyanın təşkilati məsuliyyəti “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Karen Ambartsumyanın və bir neçə yerli məmurun üzərində olub. Onlar mümkün qədər çox insan toplamağa çalışıblar, xüsusilə də dövlət qurumlarında çalışan sisianlıları, yəni bələdiyyə, poliklinika və məktəb əməkdaşlarını iştirak etməyə məcbur ediblər”, - dey nəşr bildirib.

Müəllif yazıb ki, lakin buna baxmayaraq, Sisianın mərkəzi meydanında inzibati işçilərdən və bir neçə pensiyaçıdan başqa cəmi bir neçə onlarla insanın olduğu diqqət çəkib.

“Təşkilatçılardan biri Sisian merinin müavini Anna Karapetyan olub. Bildirilir ki, o, şəxsən insanları toplamaqla məşğul olub, hər kəsə bir-bir zəng edib və insanları tədbirə gətirib. Mitinq zamanı isə ən fəal şəkildə qışqıranlardan biri olub.

Buna baxmayaraq, gözləntilər özünü doğrultmayıb və yayılan məlumatlara görə, Paşinyan Sisianı narazı halda tərk edib.

Kəndləri gəzən Paşinyan insanların problemlərini dinləməkdən daha çox özünün və komandasının nə qədər yaxşı olduğunu anlatmağa çalışıb. Məsələn, o, Anqeğakot icmasında yarızarafat, yarıciddi şəkildə deyib: “Anqeğakotun yolunu bir dəfə Brejnev asfaltlayıb, bir dəfə də mən”.

İcmadan icmaya gedən Paşinyan sakinlərə əsasən eyni sualları verib: pensiyalar artırılıbmı, nağdsız alış-veriş edirsinizmi, keşbek alırsınızmı, tibbi sığortadan istifadə edirsinizmi? Sonra isə “yaxşıdır, elə deyilmi?” deyərək cavab gözləyib”, - deyə mqaələdə bildirilib.

Nəşr vurğulayıb ki, Paşinyan sülhün təmin olunduğunu iddia edib və Ermənistanın kiçilmiş xəritəsi əks olunan döş nişanları ilə seçki bukletləri paylayıb.

“Bu zaman o, insanları türklər və azərbaycanlılarla münasibətlər qurmağa çağırıb. “Buradan Naxçıvana yol var, gəlib-getmələri yaxşı olmazmı?”, - deyə o, Anqeğakot sakinlərindən soruşub. Lakin sakinlər “Yerablur olduğu müddətdə bunun mümkün olmayacağını” bildiriblər.

Paşinyan isə “qoy açılsın, sonra nə olacağını görərik” deyə israr edib. O, yenidən “Qarabağ hərəkatı”nın (erməni separatizmi-red.) Ermənistan üçün taleyüklü səhv olduğunu insanlara təlqin etməyə çalışıb.

“Tariximizdə təəssüf ki, tez-tez qurbanlarımız olub. Nəticədə isə “biz nə qazandıq?” sualına cavab vermək çətin olub. Bu gün isə mən sizə deyirəm, biz gələcək qazandıq. Həm də yeddi dağın arxasında olan gələcək yox, burada və indi olan gələcək… Yaşamaq imkanı qazandıq, dövlət olmaq imkanı qazandıq və ən əsası, həmin dövləti nəsildən-nəslə ötürmək imkanı əldə etdik”, - deyə Paşinyan bildirib.

Halbuki əvvəlki seçki kampaniyasında o, Qarabağ münaqişəsinin həllini təmin edəcəyinə vəd edirdi. Bu gün “Vətəndaş Müqaviləsi” partiyası vilayət mərkəzi Qafan şəhərində mitinq keçirməyi, həmçinin Qacaran və digər yaşayış məntəqələrinə səfərlər etməyi planlaşdırır”, - deyə nəşr bildirib.

Nəşrin vilayətdəki mənbələrinin sözlərinə görə, əvvəlki seçkilərdə müxalifətçi kimi çıxış edən icma rəhbərləri indi hakimiyyətin himayəsi altına keçərək Nikol Paşinyanın qələbəsi üçün fəal şəkildə çalışırlar.

“Həm Gorus meri Aruş Aruşanyan, həm də 2021-ci ildə Robert Köçəryanın siyahısında yer alan Qacaran meri Manvel Paramazyan artıq “Vətəndaş Müqaviləsi” partiyasının bayrağı altına keçiblər.

Aruş Aruşanyan dünən növbəti dəfə seçki kampaniyasına çıxmış Paşinyanı Xndzoresk icmasında qarşılayıb və onun qarşısında baş əyib. Qeyd olunur ki, bazar ertəsi onun məhkəmə prosesi keçiriləcək və həbs olunub-olunmayacağına qərar veriləcək.

Bir neçə həftə əvvəl Paşinyan yenidən Gorusda olarkən onu qarşılayan Aruşanyan bunu “dövlət rəhbəri rəhbərlik etdiyi icmaya gəlib və onu qarşılamamaq mümkün deyildi” sözləri ilə əsaslandırmışdı.

Lakin bir neçə gün əvvəl o, “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatlar və iş adamları ilə Gorusda keçirilən görüşdə də iştirak edib. Həmin görüşdə partiyaya dəstək məsələsinin də müzakirə olunduğu bildirilib”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin