Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” nəşri “Şirakda 43 faiz yoxsulluq, 4 faiz ifrat yoxsulluq var, burada 620 min dollarlıq konsert təşkil edilib” başlıqlı məqaləsində yazıb.
Nəşrin araşdırmasına görə, yalnız “Gravity Production” MMC-yə 242 milyon 134 min dram həcmində qrant ayrılıb, maliyyə hesabatı sənədi isə boş və doldurulmamış vəziyyətdə dərc olunub.
“Və bu hələ hamısı deyil. Hökumətin qərarı ilə 2026-cı ilin dövlət büdcəsinin yenidən bölüşdürülməsi vasitəsilə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə konsertin təşkilati xərclərinin qarşılanması üçün təxminən 393 milyon dram ayrılması nəzərdə tutulub.
“Joğovurd” qəzeti Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin rəsmi açıqlamalarını araşdıraraq növbəti qalmaqallı maliyyə mənzərəsini ortaya çıxarıb”, - deyə müəllif bildirib.
Nəşrin yazdığına görə, məlum olub ki, nazirlik “Gravity Production” MMC-yə 242 milyon 134 min dram qrant verib.
“Bu məbləğ hazırkı məzənnə ilə təxminən 620 min dollara bərabərdir. Lakin ən diqqətçəkən məqam yalnız məbləğin böyüklüyü deyil, dərc olunan maliyyə hesabatının faktiki olaraq boş olmasıdır. Başqa sözlə, dövlət büdcəsindən yüz milyonlarla dram ayrılıb, lakin həmin vəsaitin konkret olaraq nəyə və necə xərcləndiyi ictimaiyyətə açıqlanmır.
Rəsmi məlumatlara görə, “Gravity Production” MMC Kotayk vilayətinin Abovyan şəhərində qeydiyyatdan keçib. Şirkət Gümrüdə erməni-fransız dostluğuna həsr olunmuş və 4000 nəfərlik auditoriya üçün nəzərdə tutulan “Musiqili körpü” adlı konsert təşkil edib”, - deyə məqalədə qeyd edilib.
“Joğovurd” qəzeti eyni zamanda “Ermənistan Dövlət Simfonik Orkestri” QSC-yə də 150 milyon 763 min 700 dram qrant ayrıldığını öyrənib.
“Beləliklə, yalnız məlum olan maliyyələşmələrin ümumi həcmi yarım milyard drama yaxınlaşır. Bu isə Şirak vilayətinin illərdir Ermənistanın ən ağır sosial-iqtisadi vəziyyətdə olan bölgələrindən biri hesab edildiyi şəraitdə baş verir. İşsizlik, miqrasiya, yoxsulluq və yarıdağılmış infrastruktur Gümrü və Şirakın gündəlik problemləri olaraq qalır. Hakimiyyət isə adətən bu problemləri yalnız rəsmi səfərlər zamanı xatırlayır. Bölgədə yoxsulluq səviyyəsi 43 faiz, ifrat yoxsulluq isə 4 faiz təşkil edir.
Lakin söhbət dəbdəbəli konsertlərin təşkilindən gedəndə, yüz milyonlarla dram dərhal tapılır. Əlbəttə, mədəni tədbirlər vacibdir və heç kim incəsənətin və beynəlxalq mədəni əlaqələrin əhəmiyyətini inkar etmir. Amma burada əsas məsələ prioritetlərlə bağlıdır.
Daha narahatedici məqam isə şəffaflıq məsələsidir. Əgər dövlət vəsaiti səmərəli və təyinatı üzrə xərclənibsə, o zaman niyə dərc olunan maliyyə hesabatı boşdur? Niyə ictimaiyyət xərclərin tam strukturunu görə bilmir?
Janna Andreasyanın rəhbərlik etdiyi nazirlikdə görünür milyonlarla dramlıq layihələrin minimum hesabatlılıqla həyata keçirilməsi artıq adi hala çevrilib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az