Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, bir neçə gün əvvəl Ermənistan Antikorrupsiya Komitəsi “Güclü Ermənistan” partiyasının üzvlərinin saxlanıldığını açıqlayıb.
“Saxlanılma əməliyyatı polisinin Zəngəzur vilayət idarəsi tərəfindən həyata keçirilib. Bizə məlum olub ki, müxalif qüvvənin üç tərəfdarı saxlanılıb və daha sonra həbs edilib, üsul eynidir, insanların şəxsi danışıqları dinlənilib və həmin söhbətlərdə seçki rüşvəti ilə bağlı eyhamların olduğu qənaətinə gəlinib.
Ötən gün isə Şirak vilayətində keçirilən axtarışlar nəticəsində dörd nəfər saxlanılıb. Mənbələrimizin məlumatına görə, müxalifət nümayəndələrinə qarşı “ov” yaxın günlərdə də davam etdiriləcək, bununla insanların gözünü qorxutmağa çalışırlar.
“Bu saxlanılmalar və gizli dinləmələr müxalifətin artıq indidən “seçkilər saxtalaşdırılıb” deməsi üçün kifayətdir. Çünki seçkilərin saxtalaşdırılması yalnız səsvermə günü baş vermir, daha əvvəl başlayır”, - deyə nəşr bildirib.
“Hraparak” qeyd edib ki, Respublikaçılar Partiyasının hakimiyyəti illərində də səsvermə saxtalaşdırılmırdı, lakin bu, Nikol Paşinyana 2018-ci ilə qədər Ermənistanda heç vaxt təmiz seçki keçirilmədiyini davamlı şəkildə bəyan etməyə mane olmurdu.
Alpər Mövludoğlu
Ordu.az