Türkiyə MMN AR-GE yeni sistemlərini təqdim edib

2026/05/Ekran-1778306084.jpg
Oxunub: 562     09:52     09 May 2026    
Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) AR-GE Mərkəzi tərəfindən istehsal olunan sistemlərin ilk təqdimatı İstanbulda keçirilən sərgidə baş tutub.

Ordu.az xəbər verir ki, Türkiyə milli müdafiə naziri Yaşar Gülər MMN AR-GE Mərkəzi tərəfindən istehsal olunan sistemlərin ilk təqdimatını İstanbul Sərgi Mərkəzində keçirib.

TSQ komandanlıq heyəti və nazir müavinləri ilə birlikdə Türkiyə MMN stendinin önündə yeni məhsulları təqdim edən və qısa çıxış edən nazir Yaşar Gülər bunları deyib:

“Türkiyə müdafiə sənayesi həyata keçirilən çox dəyərli investisiyalar nəticəsində bir tərəfdən istehsal gücünü artırarkən, eyni zamanda bilik əsaslı AR-GE-yə yönəlmiş və yüksək texnologiyalar inkişaf etdirən bir ekosistemə çevrilib. Bu səviyyəyə uzunmüddətli planlama, qətiyyətli iradə, davamlı inkişaf anlayışı və güclü koordinasiya nəticəsində çatılıb. Gəldiyimiz nöqtə qürurverici olsa da, inkişaf edən texnologiya və müxtəlifləşən ehtiyaclar bizi daim yenilənməyə məcbur edir.

Müdafiə sənayesinin davamlı şəkildə gücləndirilməsində isə AR-GE yönəlmiş məhsul inkişafı və fəaliyyətləri müəyyənedici rol oynayır. Bu çərçivədə Nazirliyimiz də Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarının qarşılanmasına yönəlmiş fəaliyyətlərini böyük qətiyyətlə davam etdirir. Bu gün nümayiş etdirilən bir-birindən kritik məhsullarımız da məhz bu səylərin ən konkret göstəricisidir.

Geniş təsir və tezlik bağlama qabiliyyətinə malik GÖLGEHAN JAMMER-imiz... Ölkəmizin ilk maye raket yanacaqlı, hipersəs sürətində hərəkət edə bilən və ən uzun mənzilə sahib raketi olan YILDIRIMHAN uzun mənzilli raketimiz... Bütün kritik hissələri AR-GE mərkəzimiz tərəfindən istehsal olunan GÜÇHAN turbofan təyyarə mühərrikimiz… Yenə bütün turbin və hissələri AR-GE mərkəzimiz tərəfindən istehsal olunan ONUR turboşaft helikopter mühərrikimiz... Öz çapında dünyanın ən yüngül silahı olmaq xüsusiyyətinə və maksimum 2100 metr atış mənzilinə sahib PNR-53 SNIPER-imiz bu seçkin məhsullarımızdan yalnız bir neçəsidir”.

YILDIRIMHAN raketi

YILDIRIMHAN Türkiyə MMN-in AR-GE Mərkəzi tərəfindən hazırlanmış ballistik raket layihəsidir. Sahib olduğu maye raket yanacağı və daşıdığı 3000 kiloqram partlayıcı yükü ilə analoqlarından fərqlənir. Sistem “Mach 9” ilə “Mach 25” arasında dəyişən yüksək əməliyyat sürəti limitlərinə malikdir və yanacaq kimi maye Azot Tetroksiddən istifadə edir. Bundan əlavə, bütün sistemin itələmə gücü 4 raket mühərriki vasitəsilə təmin olunur.

Türkiyə MMN tərəfindən verilən açıqlamada YILDIRIMHAN raket sistemində istifadə edilən Asimetrik Dimetilhidrazin (UDMH) və azot tetroksid törəməli maye yanacaqların AR-GE mərkəzi tərəfindən yerli imkanlarla istehsal olunduğu bildirilib. Sözügedən yanacaq texnologiyası uzun müddət saxlanıla bilmə, aşağı temperaturda işləmə və yüksək enerji istehsalı xüsusiyyətləri sayəsində raket sistemlərinə yüksək manevr qabiliyyəti qazandırır.

3 ton döyüş başlığı daşıma qabiliyyətinə sahib YILDIRIMHAN raket sisteminin laboratoriya sınaq proseslərinin uğurla tamamlandığı və səhra sınaqları ilə bağlı fəaliyyətlərin planlaşdırılmış təqvimə uyğun davam etdirildiyi bildirilib. Mətbuat konfransında verilən açıqlamalarda qeyd edilib: “Nazirliyimiz milli texnologiya hərəkatı çərçivəsində müdafiə sənayemizin inkişafını dəstəkləməyə, yerli və milli sistemlər hazırlamağa və Türkiyənin strateji çəkindirmə qabiliyyətini artırmağa qətiyyətlə davam edəcək”.

GÜÇHAN turbofan reaktiv mühərriki

GÜÇHAN Turbofan Reaktiv Mühərriki bütün komponentləri Türkiyə MMN-in AR-GE Mərkəzi tərəfindən tamamilə yerli imkanlarla hazırlanmış yüksək performanslı sistemdir. Texniki xüsusiyyətlərinə nəzər salındıqda, 42.000 “lbf” itələmə gücü, 0.68:1 “bypass” nisbəti və saniyədə 420 lb hava axını gücü ilə seçilən mühərrik 46.5 düym maksimum diametrə malikdir.

Türkiyə MMN tərəfindən verilən açıqlamalarda maye yanacaqlı raket mühərriki və təyyarə mühərriki sahəsində işlərin uzun illər əvvəl başladığı vurğulanıb. Bu çərçivədə GÜÇHAN Turbofan Reaktiv Mühərriki bütün komponentləri Tükiyə MMN-in Tədqiqat-İnkişaf Mərkəzi tərəfindən hazırlanmış və tamamilə yerli imkanlarla istehsal olunmuş yüksək itələmə gücünə malik milli reaktiv mühərrik kimi təqdim olunur. Bununla bağlı aşağıdakı açıqlama verilib:

“Mühərrik sistemi ölkəmizin ehtiyaclarına uyğun şəkildə orijinal mühəndislik həlləri ilə hazırlanıb və kritik texnologiyalarda xarici asılılığın azaldılması, davamlı yerli imkanların yaradılması məqsədilə inkişaf etdirilib. Tək kristal texnologiyası sayəsində mühərrik komponentlərinin yüksək temperatur və intensiv iş şəraitinə qarşı davamlılığı artırılıb, səmərəlilik, performans və istifadə müddəti baxımından mühüm nailiyyətlər əldə olunub”.

42 min “lbf” itələmə gücünə malik mühərrikdən bu günədək ümumilikdə 6 ədəd istehsal olunduğu və mühərriklərin kvalifikasiya testlərinin bu il ərzində keçirilməsinin planlaşdırıldığı bildirilib. “Ticarət narahatlıqlarından daha çox texnologiya inkişaf etdirməyi, milli potensial formalaşdırmağı və müdafiə sənayesi şirkətlərimizə öncüllük etməyi hədəfləyirik”, - deyə həftəlik mətbuat konfransında bildirilib.

Açıqlamada aşağıdakı ifadələr də yer alıb: “Nazirliyimiz malik olduğu institusional təcrübə və mühəndislik infrastrukturu ilə müdafiə texnologiyalarında yerli, müstəqil və davamlı həllər inkişaf etdirməyə, tədqiqat-inkişaf fəaliyyətlərini artırmağa və ölkəmizin strateji texnologiya vizyonuna töhfə verməyə davam edəcək”.

GÖLGEHAN tezlik daramalı “jammer” sistemi

AR-GE Mərkəzi tərəfindən hazırlanmış GÖLGEHAN Tezlik Daramalı “Jammer” sistemləri Türkiyə MMN-in ehtiyaclarına uyğun istehsal olunur. Sistem 0.4-6 GHz geniş tezlik diapazonunda tezlik skanlı şəkildə fəaliyyət göstərir və 60 W çıxış gücü ilə 20 kilometr əməliyyat mənzilində yüksək effektivlik təmin edir.

ONUR turboşaft helikopter mühərriki

Türkiyə MMN-in AR-GE Mərkəzi tərəfindən hazırlanmış ONUR Turboşaft Helikopter Mühərriki 1550 at gücü güc tutumu və 7000 rpm çıxış dövrü ilə yüksək performans təqdim edən turboşaft tipli mühərrikdir. Ümumi çəkisi 310 kiloqram olan sistem 7.4 təzyiq nisbəti ilə əməliyyat səmərəliliyini ön planda saxlayan texniki xüsusiyyətlərlə təchiz olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MMN   Raket  


Bizi "telegram"da izləyin