Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “İnflyasiya Paşinyanın “artırdığı” pensiyaları udur” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, Nikol Paşinyan hakimiyyəti iqtisadi fəallıqdan, “misilsiz artımdan”, artırılmış pensiyalardan danışmağa davam etdiyi halda, adi vətəndaş gündəlik həyatında tamamilə başqa reallıqla, davamlı bahalaşma, alıcılıq qabiliyyətinin azalması və sosial qeyri-müəyyənliklə üzləşir.
“Ermənistan Statistika Komitəsinin açıqladığı son məlumatlar göstərir ki, 2026-cı ilin mart ayında 12 aylıq inflyasiya artıq ikinci ay ardıcıl olaraq qəbul edilən 2-4% diapazonundan çıxıb. Yanvarda 3,3% olan inflyasiya fevralda 4,2%-ə yüksəlib, martda isə daha da artaraq 4,5%-ə çatıb.
Əgər fevral ayında bəzi dairələr vəziyyəti müvəqqəti hal kimi təqdim etməyə çalışırdısa, indi artıq aydındır ki, iqtisadiyyat daxilində kifayət qədər narahatedici və təhlükəli tendensiyalar formalaşır. Hakimiyyətin yüksək iqtisadi fəallıqla bağlı bəyanatları fonunda əslində tələbatdan qaynaqlanan qiymət təzyiqləri qalmaqdadır, regional gərginlik şəraitində isə təchizatla bağlı risklər daha da artır. Başqa sözlə, “sabitlik” haqqında deyilənləri ictimaiyyətə təqdim edilməyə çalışılan nağıl kimi qiymətləndirmək olar.
Daha narahatedici məqam ondan ibarətdir ki, Ermənistan Mərkəzi Bankı Şurasının 2026-cı il mayın 5-də keçirilən iclasının rəsmi məlumatına görə, 12 aylıq baza inflyasiyası artıq 4,7%-ə çatıb. Bu isə o deməkdir ki, hətta meyvə-tərəvəzin mövsümi ucuzlaşması belə ümumi inflyasiyanın qarşısını ala bilmir. Başqa sözlə, bahalaşma artıq dərin və ümumi xarakter alıb”, - deyə məqalədə vurğulanıb.
Müəllifin sözlərinə görə, belə görünür ki, bu aylarda Ermənistan vətəndaşı daha az xərc çəkməlidir, çünki istilik mövsümü başa çatıb və kommunal ödənişlər məntiqə görə nisbətən azalmalıdır.
“Lakin gəlirlərin artmaması fonunda inflyasiya vətəndaşların cibini birbaşa boşaldır. Belə vəziyyət iqtisadi siyasətin uğursuzluğunun göstəricisidir. Çünki regionda baş verən istənilən, hətta kiçik dəyişiklik belə Ermənistan iqtisadiyyatı üçün ciddi nəticələr yaradır. Bu isə tamamilə xarici amillərdən asılı olan iqtisadi siyasətin nəticəsidir.
Qeyd edək ki, Mərkəzi Bank Şurası 2026-cı il mayın 5-də keçirilən iclasda yenidən maliyyələşdirmə faiz dərəcəsini dəyişməyib və o, artıq təxminən 5 aydır, 2025-ci il dekabrın 16-dan etibarən 6,5% səviyyəsində qalır. Belə çıxır ki, hakimiyyət seçkiqabağı dövrdə sərt, lakin zəruri qərarlardan yayınaraq vaxt qazanmağa çalışır.
Aydındır ki, hakimiyyət artıq hiss edirdi ki, inflyasiyanın belə dinamikası fonunda cəmiyyətdə artan sosial narazılıq dalğasını cilovlamaq çətin olacaq. Məhz buna görə də seçkilər ərəfəsində minimum pensiyanın qəfil şəkildə 10 min dram artırılması qərara alındı”, - deyə nəşr bildirib.
Müəllifin yazdığına görə, üstəlik, bu qərar o qədər tələsik və populist idi ki, hakim komandanın bəzi rəsmiləri bundan son anda xəbər tutublar.
“Bu, klassik seçkiqabağı “seçki rüşvəti” deyilsə, bəs nədir? Bu qərar sosial siyasətin uzunmüddətli həlli olmaqdan kilometrlərlə uzaqdır. Hətta bu addımdan sonra belə Paşinyan hökuməti öz proqram vədini, yəni orta pensiya məbləğini istehlak səbətinin dəyərinə bərabərləşdirmək vədini yerinə yetirə bilmədi.
Bunun əvəzinə hökumət çatışmayan məbləği süni şəkildə “tamamlamağa” başladı və təbil çalaraq bildirdi ki, keşbek mexanizmi vasitəsilə nağdsız əməliyyatlardan geri qaytarılan vəsait guya problemi həll edir. Halbuki hakimiyyət ən vacib məqamı demir, minlərlə təqaüdçü ümumiyyətlə keşbekdən istifadə etmir, bank kartlarından aktiv istifadə etmək üçün bacarıq və biliyə malik deyil. Kənd yaşayış məntəqələrində isə nağdsız alış-veriş imkanları sadəcə məhduddur.
Mövcud vəziyyət yalnız iqtisadi deyil, siyasi baxımdan da təhlükəlidir. Bir tərəfdən vətəndaşların gəlirləri qiymət artımına tab gətirmək üçün kifayət etmir, digər tərəfdən isə hakimiyyət seçkilərə qədər sosial dözümlülüyün minimum səviyyəsini qorumaq məqsədilə qısamüddətli təbliğat addımları atmağa davam edir.
Ən təhlükəli məqam isə budur ki, mövcud inflyasiya göstəriciləri hələ həmin “seçkiqabağı hədiyyələrin” təsirini tam əks etdirmir. Bu isə o deməkdir ki, yaxın aylarda Ermənistan vətəndaşı sərt reallıqla üz-üzə qala bilər: yeni inflyasiya sadəcə pensiyaların səs-küylü artımlarını “udacaq”, hakimiyyətin növbəti vədləri isə yenə yalnız kağız üzərində qalacaq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az