Erməni ekspert: “Onlar dəhşət içindədirlər, 5000 əsgər çıxır, amma bizə deyirlər ki, 4000 nəfərlik rus qoşunu Ermənistandan çıxsın”

2026/05/1778145552.jpg
Oxunub: 528     14:21     09 May 2026    
“Avropa İttifaqının Ermənistana marağı rus hərbi bazası ilə bağlıdır. Məqsəd Ermənistanı tamamilə, onların təsəvvürünə görə, Rusiyanın təsirindən çıxarmaqdır”.

Ordu.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə erməni ekspert Armen Manvelyan deyib.

Onun sözlərinə görə, məhz bu məqsədlə Avropa İttifaqı iqtisadi və siyasi baxımdan real perspektivi olmayan müxtəlif sənədlər imzalayır.

“Bu sənədlər yalnız Ermənistanın Türkiyədən asılılığının artmasına imkan verir. Əgər bu sənədləri dərindən araşdırsanız, bunu görəcəksiniz. Həmin proqramlara əsasən Ermənistan elektrik enerjisini Türkiyədən idxal edəcək, çünki rus qazının girişi bağlanmalıdır, atom elektrik stansiyası isə hansısa anlaşılmaz perspektiv naminə bağlanmalıdır. Həmin plana görə sərhəd qoşunları da çıxarılmalıdır, görünür yenə müşahidəçilər gətirmək istəyirlər ki, onlar da durbinlərlə hansı istiqamətə baxacaqlarını bilməsinlər. Reallıqda isə bu proqramların heç birinin perspektivi yoxdur”, - deyə Manvelyan qeyd edib.

Ermənistan hakimiyyətinin bu proseslərin diversifikasiya məqsədi daşıdığını və Rusiyadan asılılığın məhdudlaşdırılmasının vacibliyini, çünki Rusiyanın lazım olan anda kömək etmədiyini deməsinə münasibət bildirən Manvelyan qeyd edib ki, “bizə kömək etmədilər” fəlsəfəsi müasir dünyada xüsusilə anlaşılmazdır.

“İndi, belə demək mümkündürsə, “böyük rus qardaşı”ndan beziblər və gedib özlərinə Avropa İttifaqında yeni ağalar axtarırlar, halbuki bu yol Türkiyədən keçir. Bu variantla Ermənistanı Türkiyənin vilayətinə çevirəcəklər və ümid edirlər ki, bu, müəyyən mənada bizim təhlükəsizliyimizi təmin edəcək. Halbuki bu, bizim təhlükəsizlik sistemimizin tamamilə məhv olmasına gətirib çıxaracaq. Çünki “niyə ruslar bizə dəstək vermədi?” mövqeyi siyasi xadimin mövqeyi deyil, küsəyən uşağın siyasi davranışıdır.

Bu insanlar dünyanın dəyişdiyini anlaya bilmirlər. Artıq iki stulda oturmaq mümkün deyil, artıq hansısa fövqəldövlətin bizim maraqlarımızı qoruyacağını gözləmək olmaz. Daha savadlı iş lazımdır, amma bu insanlarda həmin bacarıq yoxdur. Bu, diversifikasiya deyil. Onlar bu işi aparmırlar”, - deyə o vurğulayıb.

Manvelyanın fikrincə, Avropa İttifaqının regionda müəyyən iştirakı olsaydı, bunu diversifikasiya adlandırmaq olardı.

“Məsələn, hərbi iştirakı. Avropa İttifaqı özü hərbi baxımdan özünü qoruya bilmir, öz təhlükəsizliyini təmin edə bilmir. Tramp bir neçə gün əvvəl sözün əsl mənasında bəyan etdi ki, Avropa İttifaqından 5000 hərbçini çıxaracaq və bu, böyük səs-küyə səbəb olub. Onlar dəhşət içindədirlər ki, 5000 əsgər çıxır, amma gəlib bizə deyirlər ki, 4000 nəfərlik rus qoşunu Ermənistandan çıxsın.

Avropa İttifaqı diversifikasiya edə biləcək siyasi qüvvə və ya struktur deyil. O, bizə həyati əhəmiyyətli imkanlar verə bilməz, bizi ucuz qazla və ya ümumiyyətlə qazla təmin edə bilməz. Bizim Avropa İttifaqı ilə sərhədimiz yoxdur. Yaxud bizim məhsullar onların bazarında yer tapa biləcəkmi? Məsələn, Ermənistan məhsullarının 80 faizi məhz indiki hakimiyyətin “yüngül əli” ilə Rusiyaya gedir. Halbuki bunlar hakimiyyətə gələnə qədər bu göstərici 40 faiz idi.

Bütün cavablar “xeyr”dir. Avropa İttifaqı nə hərbi təhlükəsizlik, nə enerji təhlükəsizliyi, nə də iqtisadi təhlükəsizlik təmin edə bilər.

Əgər sabah Rusiya qazın qiymətini 200 dollar etsə, alternativ varmı? Onların ümidi nəyədir?”, - deyə erməni ekspert qeyd edib.

Manvelyan vurğulayıb ki, əsl diversifikasiya hakimiyyətin öz xalqına qarşı müharibə elan etmədiyi, öz xalqını parçalamadığı, kilsəni hədəfə almadığı, əksinə həmrəylik yaydığı, birləşdiyi, gücləndiyi və bunun sayəsində bütün tərəflərlə danışa, dialoq qura bildiyi zaman mümkündür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Manvelyan   Ermənistan  


Bizi "telegram"da izləyin