Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Sülh illüziyası: İrəvan sammiti Ermənistanın strateji çıxılmazlığını necə üzə çıxarır?” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, çıxış rəsmi olaraq Bakı və İrəvan arasında sülh prosesində əldə olunan uğurları nümayiş etdirmək üçün nəzərdə tutulmuşdu.
“İlham Əliyev Avropa Şurasının Prezidenti Antonio Koştaya təşəkkür etdi, sammitin Ermənistanda keçirilməsi ideyasını dəstəklədiyini bildirdi və Bakının ASB üzvlərini 2028-ci ilin mayında Azərbaycana səfərə dəvət etdiyini açıqladı. İlham Əliyev vurğuladı ki, Ermənistan Azərbaycanın növbəti sammitə ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyir. Azərbaycan Prezidenti bunu Azərbaycan və Ermənistan arasında sülhün artıq reallığa çevrildiyinin aydın işarəsi adlandırıb.
Çıxışın mərkəzində Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının tənqidi dayanırdı. İlham Əliyev konkret statistikaya istinad etdi: 2021-ci ilin mayından 2026-cı il aprelin 30-dək Avropa Parlamenti Azərbaycana qarşı yönəlmiş təhqirlər və saxta məlumatlar ehtiva edən 14 qətnamə qəbul edib.
Bakının cavabı dərhal və nümayişkaranə oldu. Mayın 1-də Azərbaycan parlamenti Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı rəsmi şəkildə dayandırdı, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsində iştirakı kəsdi və “Euronest” Parlament Assambleyasından çıxış prosesinə başladı.
Bu addım prinsipial əhəmiyyət daşıyır. Eyni zamanda diqqəti çəkən məqam budur ki, Avropa qurumlarının tənqidi məhz Ermənistanın ev sahibliyi etdiyi sammitin tribunalından səslənib”, - deyə məqalədə bildirilib.
Müəllif qeyd edib ki, 2026-cı ildə Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri 8,7 milyard manat təşkil edəcək ki, bu da təxminən 5 milyard ABŞ dollarına bərabərdir.
“Azərbaycan rəsmiləri hərbi xərclərin artımını birbaşa Ermənistanı cilovlamaq məqsədi ilə əlaqələndiriblər. 2026-cı ilin martında Azərbaycan 1 nömrəli səfərbərlik elan edib, silahlı qüvvələrini tam döyüş hazırlığı vəziyyətinə gətirib və ehtiyatda olanların çağırışına başlayıb. Eyni zamanda azad edilmiş ərazilərdə yeni hərbi infrastrukturun genişmiqyaslı tikintisi davam edir.
Bu fonda Ermənistan müdafiə xərclərini azaltmağa başlayıb. 2026-cı il qiymətləndirmələrinə görə, İrəvanın hərbi büdcəsi təxminən 15-16 faiz azaldılaraq 665-667 milyard dramdan 560-563 milyard drama endirilib. Siyasi baxımdan bu, birtərəfli silahsızlanma kimi görünür. Bəzi analitiklərin fikrincə, bu qərar Ermənistanın demilitarizasiya olunması ilə bağlı Azərbaycanın tələbini faktiki olaraq yerinə yetirir.
Qeyd etmək vacibdir ki, Bakı eyni zamanda tələblər irəli sürür, bunlara Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Azərbaycanın öz ərazisindən keçməklə Naxçıvana maneəsiz çıxışının təmin olunması, yəni Zəngəzur dəhlizi tələbi daxildir.
Nikol Paşinyanın siyasəti belə bir hesablamaya əsaslanırdı ki, Qarabağın itiirilməsindən sonra sülh sazişi və beynəlxalq zəmanətlər üçün, əsasən Qərb tərəfindən, yol açılacaq. Lakin 2025-2026-cı illərin hadisələri bunun əksini göstərir. Vaşinqtonda birgə bəyannamənin imzalanması və sülh sazişinin paraflanması hələ də tamhüquqlu müqaviləyə gətirib çıxarmayıb.
Problem ondadır ki, Ermənistan eyni vaxtda iki xarici dayağını itirir. Bir tərəfdən, o, Rusiyadan uzaqlaşır və KTMT-də iştirakını dondurur, digər tərəfdən isə Avropa İttifaqından real hərbi-siyasi zəmanətlər almır. Avropa İttifaqı yalnız mülki təşəbbüslər və investisiya vədləri ilə məhdudlaşır. Bu konfiqurasiyada İrəvan daha güclü və daha yaxşı hazırlanmış rəqibə qarşı tək qalır”, - deyə müəllif bildirib.
Alpər Mövludoğlu
Ordu.az