Ordu.az xəbər verir ki, bu barədə “EUObserver” nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, ötən il Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında ABŞ-nin aktiv iştirakından sonra Avropa İttifaqı “Trump Route for International Peace and Prosperity” (TRIPP) (Zəngzəur dəhlizi-red.) nəqliyyat dəhlizi layihəsinin inkişafına qoşulmağa çalışır.
“Brüsselin qiymətləndirməsinə görə, bu coğrafi marşrut Rusiyanı yan keçməyə imkan verən alternativ ticarət yolu ola bilər və eyni zamanda Ermənistanı Avrasiya logistika zəncirlərinə daha dərindən inteqrasiya edə bilər.
“Əgər klassik sxemə baxsaq, Çindən Avropaya yüklərin daşınması təxminən 42 gün çəkir. Əgər bu Orta dəhliz effektiv işləsə, müddəti təxminən 12-13 günə qədər azaltmaq mümkün olacaq”, - deyə görüş ərəfəsində Avropa İttifaqının nümayəndəsi bildirib.
Lakin bir sıra ekspertlər Avropa İttifaqını strateji liderliyin çatışmazlığı və maliyyə qərarlarının ləngliyi səbəbilə tənqid edirlər. Onların fikrincə, bu, regionda məyusluq yaradır və ABŞ-yə Cənubi Qafqazda təsirini daha da gücləndirmək imkanı verir”, - deyə məqalədə qeyd edilib.
Nəşr bildirib ki, eyni zamanda, Avropa İttifaqı ilə Ermənistan arasında təhlükəsizlik və müdafiə sahəsində razılaşmanın gücləndirilməsi gözlənilir, o cümlədən Avropa Sülh Fondu vasitəsilə Ermənistan silahlı qüvvələrinə dəstəyin genişləndirilməsi nəzərdə tutulur.
“2014-cü ildən bu istiqamətdə artıq təxminən 30 milyon avro ayrılıb. Avropa İttifaqı ilə yaxınlaşmanın simvolik addımı kimi Ermənistan viza rejiminin liberallaşdırılması proqramı çərçivəsində irəliləyiş barədə ilk hesabatı alacaq. Bu kontekstdə Avropa İttifaqının sərhəd mühafizə agentliyi “Frontex” Ermənistanın daxili işlər nazirliyi ilə daha sıx əməkdaşlıq planlaşdırır.
Sammit Ermənistanın baş naziri Nikol Paşinyanın mart ayında Avropa Parlamentində çıxışından iki ay sonra keçirilir. O, çıxışında Ermənistanın Avropa İttifaqına üzv olmaq niyyətini təsdiqləmiş və Azərbaycanla dayanıqlı sülhün vacibliyini vurğulamışdı.
2026-cı il iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək və müşahidəçilərin fikrincə, bu seçkilər Rusiyanın mümkün müdaxiləsi fonunda baş tuta bilər. Eyni zamanda, Avropa İttifaqı artıq İrəvana hibrid təhdidlərə və dezinformasiyaya qarşı mübarizədə dəstək göstərir”, - deyə müəllif yazıb.
Nəşr bildirib ki, əvvəllər Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı hesab olunan Rusiya Qarabağ müharibəsindən sonra öz təsirini əhəmiyyətli dərəcədə itirib, belə ki, 2020-ci və 2023-cü illərdə münaqişənin gərginləşməsi zamanı müdaxilə etməyib.
“Buna baxmayaraq, Moskva hərbi mövcudluğunu saxlayır, bir neçə min hərbçi Gümrüdə yerləşən 102-ci bazada dislokasiya olunub və bu bazanın icarə müddəti 2044-cü ilə qədər qüvvədədir. 2025-ci il yanvarında Paşinyan hökuməti rəsmi olaraq Avropa İttifaqına üzvlük istiqamətində hərəkət etmək niyyətini açıqlayıb və bu kursu siyasi gündəliyin əsas elementi edib. Eyni zamanda, 2024-cü ildə başlanan vizasız rejim üzrə danışıqlar hələ də Avropa İttifaqına üzv bəzi ölkələrin şübhələri səbəbilə gözləmə mərhələsində qalır”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az