“Avropa Siyasi Birliyinin sammiti beynəlxalq sülh üçün tarixi ola bilər” - Paşinyan

2026/04/1777551741.jpg
Oxunub: 351     14:36     04 May 2026    
“2022-ci ildə Praqada keçirilən Avropa Siyasi Birliyinin 1-ci sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronun və Avropa Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Ermənistanın baş naziri və Azərbaycanın Prezidenti ilə dördtərəfli görüş təşkil olunmuşdu və məhz orada Azərbaycan Prezidenti İlham Əliyev və mən oyunun gedişini dəyişən qərar qəbul etdik”.

Ordu.az xəbər verir ki, bu barədə 2026-cı il mayın 4-də Avropa Siyasi Birliyinin 8-ci sammitinin plenar iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, həmin vaxt Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb.

Paşinyan qeyd edib ki, bu razılaşma Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün real imkan yaradıb, gələcək sülh arxitekturasının konturlarını müəyyən edib və 2025-ci il avqustun Vaşinqton sülh sammitinə gətirib çıxarıb.

Paşinyan xatırladıb ki, həmin vaxt Ağ Evdə ABŞ-nin Prezidenti Donald Trampın dəstəyi və iştirakı ilə o və Azərbaycan Prezidenti sülh bəyannaməsini imzalayıblar.

“ABŞ-nin Prezidenti də bunu şahid qismində imzalayıb. Üç liderin iştirakı ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqaviləni paraflayıblar. Hazırda biz çox vacib layihənin, yəni TRIPP-in (Zəngəzur dəhlizi-red.) həyata keçirilməsinə aparan yoldayıq. Bu layihə regional kommunikasiyaların blokdan çıxarılması, Şərqdən Qərbə və Cənubdan Şimala yeni beynəlxalq marşrutların yaradılması vasitəsilə sülhə töhfə verəcək və beynəlxalq təchizat zəncirlərinin sabitliyinə böyük töhfə verəcək”, - deyə Ermənistanın baş naziri sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin