Ordu.az xəbər verir ki, döyüş meydanı texnologiyasında mühüm sıçrayış kimi ABŞ ordusu martın 26-da Alabama ştatındakı “Redstone Arsenal” bazasında kamikadze pilotsuz uçuş aparatı ilə yeni döyüş başlığını uğurla sınaqdan keçirib.
Ordunun “Bunker Rupture and Kinetic Explosive Round” adlanan və qısaldılmış şəkildə BRAKER kimi tanınan yeni sistemi ABŞ ordusunun əvvəlki hava zərbə imkanlarını ciddi şəkildə genişləndirir. Ağır istehkamları və yeraltı hədəfləri məhv etmək üçün nəzərdə tutulmuş bunker dələn sursatlar ənənəvi olaraq təyyarələrdən atılan iri ölçülü döyüş sursatları olub.
BRAKER nisbətən kiçik ölçülü döyüş sursatıdır və 3D çap edilmiş korpusda yerləşdirilib. Bu, kiçik birtərəfli hücum pilotsuz uçuş aparatına quraşdırılmaq üçün hazırlanmış ilk bu tip silahdır.
Sistem martın əvvəlində layihələndirilib və diqqətçəkən sürətlə cəmi bir neçə həftə sonra Alabama ştatındakı “Redstone Arsenal” bazasında uğurla sınaqdan keçirilib. 3D çap üsulu ilə onlarla BRAKER döyüş başlığı hazırlanıb, daha sonra həmin sursatlardan birini daşıyan kiçik kamikadze pilotsuz uçuş aparatı poliqonda bunkeri uğurla məhv edib.
Layihəyə Nyu-Cersi ştatındakı “Picatinny Arsenal” bazasında yerləşən ABŞ Ordusunun İmkanlar Proqramı İcraçı Sursat və Energetika bölməsi rəhbərlik edib.
“Picatinny” komandamız iki həftə ərzində konsepsiyadan real atışa keçdi. BRAKER göstərir ki, biz kiçik pilotsuz uçuş aparatlarından sürətlə inkişaf etdirilmiş və təhlükəsiz şəkildə çatdırılan dağıdıcı təsir yarada bilirik”, - deyə komanda rəhbəri polkovnik Vinsent Morris bildirib.
Morrisin sözlərinə görə, gələcəkdə BRAKER döyüş başlığı pilotsuz uçuş aparatlarına ordunun ixtira etdiyi universal birləşdirmə qurğusu vasitəsilə quraşdırılacaq.
Eyni komanda tərəfindən hazırlanan bu standart pilotsuz uçuş aparatı montaj sistemi “Picatinny Common Lethality Integration Kit”, qısa adı ilə “Picatinny CLIK” adlanır. Sistem ordunun tüfəng montajlarını uyğunlaşdırmaq üçün istifadə etdiyi standart relsdən ilham alıb və müxtəlif növ faydalı yüklərin pilotsuz uçuş aparatlarına quraşdırılmasına imkan verəcək.
Sevinc Əliyeva
Ordu.az