Erməni ekspert: “Faktiki olaraq Ermənistan ərazisindən Bakının Naxçıvana çıxışı təmin edilir”

2026/06/1782145250.jpg
Oxunub: 200     20:18     22 İyun 2026    
“Telecom Armenia” ilə “AzərTelekom” arasında imzalanmış razılaşma faktiki olaraq Bakının Ermənistan ərazisi vasitəsilə Naxçıvana çıxışını təmin edir”.

Ordu.az xəbər verir ki, bunu erməni ekspert Vahe Davtyan özünün sosial şəbəkə hesabında yazıb.

Davtyanın sözlərinə görə, sözügedən razılaşmanın məqsədi Naxçıvana internet bağlantısının təmin edilməsidir.

O qeyd edib ki, bəzi mütəxəssislər bu layihənin Ermənistan üçün də ehtiyat xətt yaradacağını bildirirlər, belə ki, Gürcüstandan gələn kabel xəttində problem yaranacağı halda alternativ internet mənbəyi mövcud olacaq.

Erməni ekspert bununla belə, Ermənistanın rəqəmsal və informasiya təhlükəsizliyinin niyə hələ də quru kabel xətlərinə bağlandığını sual edib.

“Ermənistan 2025-ci ildə “Starlink” peyk sisteminə qoşulub və bu sistem quru internet xətləri ilə müqayisədə bir sıra strateji üstünlüklərə malikdir”, - deyə o qeyd edib.

Davtyan məsələnin geosiyasi tərəfinin daha mühüm olduğunu vurğulayaraq bildirib ki, Ermənistan ərazisindən Bakının Naxçıvana çıxışının təmin olunması dəhliz məntiqinə uyğun gəlir.

“Bu məntiq yalnız nəqliyyat əlaqələrini deyil, həm də enerji, rəqəmsal və digər kommunikasiya marşrutlarını əhatə edir. İkitərəfli münasibətlər və sərhəd məsələləri tam həll edilmədən belə infrastruktur layihələrinin həyata keçirilməsi Ermənistan üçün alternativ imkanlardan daha çox risk və təhdid yarada bilər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Davtyan  


Bizi "telegram"da izləyin