Yunanıstanın yeni freqatları pilotsuz uçuş aparatlarına qovuşur

2026/04/Ekran-1777045167.jpg
Oxunub: 448     19:38     24 Aprel 2026    
Yunanıstan Hərbi Dəniz Qüvvələri ilk 4 ədəd CAMCOPTER S-100 pilotsuz uçuş aparatının sınaqlarını başa çatdırıb.

Ordu.az xəbər verir ki, Yunanıstan Hərbi Dəniz Qüvvələrinin yeni FDI (Belharra) sinfinə məxsus freqatları üçün tədarük edilən CAMCOPTER S-100 pilotsuz uçuş aparatlarında kritik mərhələ geridə qalıb.

2026-cı il fevralın 13-də imzalanmış müqavilədən sonra Avstriyanın “Schiebel” şirkəti və Yunanıstan Hərbi Dəniz Qüvvələri ilk iki sistemin qəbul sınaqlarını uğurla başa vurduqlarını açıqlayıb.

“Kotroni” Helikopter Bazasında bir həftə davam edən intensiv sınaqlar çərçivəsində ümumilikdə 4 pilotsuz uçuş aparatından ibarət ilk 2 CAMCOPTER S-100 sistemi funksional yoxlamadan keçərək əməliyyat istifadəsinə hazır olduqlarını sübut edib.

Kəşfiyyat və müşahidə imkanları ilə təchiz edilən bu sistemlər xüsusilə “L3 Harris” MX-10 EO/IR (elektro-optik/infraqırmızı) kamera və “Overwatch Imaging PT-8DN Oceanwatch” süni zəka dəstəkli geniş ərazi dəniz müşahidə sistemi sayəsində dəniz təhlükəsizliyi, axtarış-xilasetmə, ətraf mühitin izlənməsi və Müstəsna İqtisadi Bölgəyə nəzarət kimi vəzifələrdə kritik rol oynayacaq.

“Schiebel Group” İdarə Heyətinin sədri Hans Georq Şibel bildirib ki, bu mərhələ Yunanıstan donanması ilə həyata keçirilən uğurlu əməkdaşlığın nəticəsidir və sistemlərin əməliyyat yerləşdirilməsinin qarşısını açır. Şaquli qalxma və enmə (VTOL) qabiliyyəti sayəsində heç bir uçuş zolağına ehtiyac duymayan S-100-lər FDI freqatlarının göyərtəsindən qalxaraq gəminin radar mənzilindən kənarda kəşfiyyat və müşahidə imkanı təqdim edəcək.

CAMCOPTER S-100

CAMCOPTER S-100 pilotlu helikopterlərin daha yüksək risk altında ola biləcəyi əlverişsiz hava şəraitində fəaliyyət göstərə bilir. Maksimum 200 kiloqram qalxma çəkisinə malik olan CAMCOPTER S-100 6 saat havada qala bilir. Boş çəkisi 110 kiloqram olan pilotsuz uçuş aparatı xarici yanacaq çənləri ilə 10 saatdan çox havada qala bilir. Sistemin məlumat bağlantısı mənzili 50, 100 və ya 200 kilometr (27, 54 və ya 108 dəniz mili) olaraq təqdim edilir. Saatda 220 kilometr sürətə çata bilən pilotsuz uçuş aparatının maksimal fəaliyyət hündürlüyü 5.500 metrdir. 55 at gücünə malik “Diamond” mühərriki ilə işləyən CAMCOPTER müxtəlif yükləri daşıya biləcək şəkildə hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Freqat   PUA  


Bizi "telegram"da izləyin