Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə söhbətində Ermənistan parlamentinin deputatı, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından xaric edilmiş Hovik Ağazaryan bildirib.
“Biz azıq, 3 milyon nəfərik, Azərbaycan isə Türkiyəni saymadan 10 milyondur. Assimilyasiya olacaq. Bəli, müharibə olmayacaq, sülh olacaq, biz evlərimizi 100 min dollara satmayacağıq, amma 40 min dollara satacağıq, sevinəcəyik, hər halda evlərimizi nisbətən münasib qiymətə satıb Los-Ancelesə, Moskvaya gedəcəyik. Belə olacaq, belə olacaq”, - deyə o bildirib.
Qarşıdakı seçkilərdə partiyalarının hansı qüvvəni dəstəkləyəcəyi ilə bağlı suala Ağazaryan belə cavab verib: “Bütün partiyaların qeydiyyatdan keçməsini gözləyəcəyik. Kimi dəstəkləməyəcəyimiz aydındır. Müxalifət düşərgəsində birlikdə yol keçdiyimiz, əməkdaşlıq etdiyimiz qüvvələr var. Hazırda bu məsələyə toxunmağı məqsədəuyğun saymırıq, daha sonra münasibət bildirəcəyik”.
Müxalif qüvvələrin qələbə şanslarından danışan Ağazaryan deyib: “Əgər “Bizim Tərzimizlə” hərəkatı müxalifəti bir bayraq altında birləşdirməsə, Nikol Paşinyan yenidən hakimiyyətdə olacaq. Əgər “Bizim Tərzimizlə” hərəkatı müxalifəti bir bayraq altında birləşdirərsə, onda Nikol Paşinyanın şansı yoxdur”.
Öz partiyaları barədə danışan Ağazaryan qeyd edib ki, əgər seçkilərdə iştirak edib 3,9 faiz səs alsaydılar, həmin səslər boşa gedəcəkdi və Nikol Paşinyanın yenidən hakimiyyətə gəlməsinə kömək edəcəkdi.
Alpər Mövludoğlu
Ordu.az