“Paşinyan Ermənistanın ən böyük məğlub olmuş şəxsidir” - Zurabyan

2025/12/1765784557.jpg
Oxunub: 447     15:47     24 Aprel 2026    
“Paşinyan Ermənistanın ən böyük məğlub olmuş şəxsidir və Ermənistanı da məğlub olmuş ölkəyə çevirib”.

Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərlə söhbəti zamanı “Erməni Milli Konqresi” Partiyasının baş nazirliyə namizədi Levon Zurabyan bildirib.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyana qarşı Paşinyanın hücumlarını şərh etməsi xahişinə cavab olaraq Zurabyan qeyd edib ki, Paşinyan Ermənistanın ən böyük məğlub olmuş şəxsidir və Ermənistanı da məğlub olmuş ölkəyə çevirib.

Zurabyanın sözlərinə görə, o elə bir şəxsdir ki, öz hərəkətləri nəticəsində Ermənistan tarixində ən böyük ziyan vurub.

“Və bu adamın birinci prezidenti mühakimə etməyə haqqı var? Halbuki onun dövründə Ermənistan 600 illik fasilədən sonra qələbələr qazanmışdı? Nəticələri sizin öhdənizə buraxıram”, - deyə Zurabyan qeyd edib.

Qonşu ilə münasibətlərdə qırmızı xətlər barədə suala cavab verən Zurabyan etiraf edib ki, Paşinyanın hərəkətləri ilə yaranmış reallıq nəzərə alınmalıdır.

O bildirib ki, “Erməni Milli Konqresi” qərarlar qəbul etməyə və əməkdaşlıq sahələrini araşdırmağa hazırdır, lakin bunun erməni kimliyi hesabına baş verməsi mümkün deyil.

“Əgər sülh o deməkdirsə ki, azərbaycanlılar Ermənistanda kimin seçiləcəyinə qərar verəcək, Konstitusiyanın necə dəyişdiriləcəyini müəyyən edəcək, Bəyannamədən imtina etdirəcək... Əgər bu, sülhdürsə, o zaman bu bizim üçün qəbuledilməzdir. Biz güzəştə getməyə, birlikdə sülh qurmağa hazırıq, amma “erməni xalqının məhv edilməsi” proqramı ilə razılaşmayacağıq. Bu baş verməyəcək”, - deyə Zurabyan vurğulayıb.

Onun sözlərinə görə, Nikol Paşinyanı ciddi sürprizlər gözləyir.

“O, həddindən artıq özünə güvənir və düşünür ki, məqsədləri naminə demokratiyanı qurban verməyə hazır olan Qərb demokratik ölkələrinin dəstəyini alaraq ən güclü şəxsə çevrilib. Cəmiyyətimiz nə baş verdiyini aydın görür və Paşinyan xalqı sülh vədi ilə aldada biləcəyini düşünməklə səhv edir. O, sülh gətirmədi, bu, ən böyük yalandır”, - deyə Zurabyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zurabyan   Paşinyan  


Bizi "telegram"da izləyin