TUSAŞ ilə “Airtificial” arasında HÜRJET üçün 16 milyon avroluq uçuş idarəetmə sazişi imzalanıb

2026/04/1777028574.jpg
Oxunub: 473     14:52     24 Aprel 2026    
İspaniyanın müdafiə və aviasiya şirkəti “Airtificial” ilə “Türkiyə Aviasiya və Kosmos Sənayesi Şirkəti” (TUSAŞ) arasında HÜRJET təlim təyyarəsi proqramı çərçivəsində dəyəri 16 milyon avrodan çox olan müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, müqavilə çərçivəsində istehsal olunacaq uçuş idarəetmə sistemlərinin İspaniya Hava və Kosmos Qüvvələrinin inventarındakı F-5 təyyarələrini əvəz etməsi planlaşdırılan HÜRJET platformalarında istifadə ediləcəyi bildirilib.

Təhvilin qarşıdakı beş il ərzində mərhələli şəkildə həyata keçiriləcəyi qeyd olunub. “Airtificial” şirkətinin daha əvvəl də HÜRJET üçün oxşar sistemlər hazırladığı və yeni müqavilə ilə təhvil prosesinin başladığı bildirilib.

30 təyyarəlik tədarük planı

İspaniya Müdafiə Nazirliyinin TUSAŞ və “Airbus” əməkdaşlığı ilə ümumilikdə 30 ədəd qabaqcıl təlim təyyarəsi almağı planlaşdırdığı açıqlanıb.

Proqramın ümumi büdcəsinin təxminən 2,6 milyard avro olduğu, ilk təhvilin isə 2028-ci ildə başlanmasının gözlənildiyi bildirilib.

Sevilyada istehsal olunacaq

Uçuş idarəetmə qollarının “Airtificial” şirkətinin Sevilyadakı müəssisələrində istehsal ediləcəyi qeyd olunub.

Sistemlərin:

“fly-by-wire” infrastrukturu,
qabaqcıl elektron komponentlər,
fərqli əməliyyat rejimlərinə uyğunluq kimi xüsusiyyətlərə malik olduğu bildirilib.


Bu komponentlərin uçuş təhlükəsizliyi baxımından kritik əhəmiyyət daşıdığı və beynəlxalq sertifikatlaşdırma standartlarına uyğun şəkildə hazırlandığı vurğulanıb.

Qlobal tədarük zəncirində güclənmə

Sözügedən müqavilənin “Airtificial” şirkətinin müdafiə və aviasiya sahəsində mühüm layihələrindən biri olduğu, şirkətin qlobal tədarük zəncirində mövqeyini gücləndirdiyi qeyd olunub.

HÜRJET proqramı isə beynəlxalq əməkdaşlıqlarla genişlənməyə davam edir və müxtəlif ölkələrin inventarına daxil olmağa namizəd platforma kimi önə çıxır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TUSAŞ   Airtificial   HÜRJET  


Bizi "telegram"da izləyin