Pentaqon F-35 proqramı üçün üç yeni sınaq təyyarəsi sifariş edib

2026/04/1777028523.jpg
Oxunub: 322     14:48     24 Aprel 2026    
ABŞ Müharibə Nazirliyi F-35 proqramının sınaq infrastrukturunu gücləndirmək və gələcəkdə yarana biləcək tutum boşluğunun qarşısını almaq məqsədilə üç yeni sınaq təyyarəsinin istehsalı üçün “Lockheed Martin” ilə 177,5 milyon dollarlıq müqaviləyə dəyişiklik edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ Hərbi Dəniz Hava Sistemləri Komandanlığı tərəfindən 2026-cı il aprelin 23-də verilən müqavilə çərçivəsində F-35-in üç müxtəlif versiyası üçün hərəsindən bir ədəd “uçuş elmləri” sınaq təyyarəsi istehsal olunacaq:

F-35A (Hərbi Hava Qüvvələri)
F-35B (qısa qalxma/şaquli enmə - Dəniz Piyadaları)
F-35C (aviadaşıyıcı əsaslı - donanma)


Layihədə dizayn, istehsal və mühəndislik fəaliyyətlərinin hamısı yer alır, təhvilin isə 2031-ci ilin aprelinə qədər tamamlanması planlaşdırılır.

Çoxmillətli istehsal prosesi

İşlər ABŞ, Böyük Britaniya və Danimarkadakı ümumilikdə yeddi müxtəlif mərkəzdə aparılacaq. Ən böyük payı 30 faizlə Texas ştatının Fort-Uort şəhəri götürəcək. Kaliforniyanın El-Sequndo şəhəri 25 faiz, İngiltərənin Uorton şəhəri isə 20 faiz paya sahib olacaq.

Digər istehsal və dəstək fəaliyyətləri Florida, Nyu-Hempşir, Merilend və Danimarkanın Qrenaa şəhərində həyata keçiriləcək.

Döyüş üçün deyil, sınaq platforması

Sözügedən təyyarələr əməliyyat tapşırıqları üçün deyil, sınaq və doğrulama fəaliyyətləri üçün xüsusi olaraq istehsal ediləcək.

Bu platformalar:

aerodinamik performans,
struktur dayanıqlığı,
uçuş zərfi limitləri,
sistem inteqrasiyası kimi kritik parametrlərin ölçülməsi və təsdiqlənməsində istifadə olunacaq.


Bu təyyarələr standart istehsal təyyarələrinin yerinə yetirə bilməyəcəyi yüksək riskli və intensiv məlumat toplama tələb edən sınaq tapşırıqları üçün nəzərdə tutulur.

“Block 4” modernizasiyası üçün kritik rol

Yeni sınaq təyyarələrinin ən mühüm rolunun F-35 proqramının genişmiqyaslı modernizasiya paketi olan “Block 4” inkişaflarına dəstək vermək olduğu bildirilib.

“Block 4” yenilənməsi:

yeni silah inteqrasiyaları,
qabaqcıl sensor imkanları,
radioelektron mübarizə sistemləri,
pilot interfeysi təkmilləşdirmələri kimi genişmiqyaslı yenilikləri əhatə edir.


Bu imkanların əməliyyat istifadəsinə verilməsi üçün geniş uçuş sınaqlarından keçməsi tələb olunur.

“Tutum boşluğu”nun qarşısı alınmaq istənilir

F-35 proqramında istifadə olunan mövcud sınaq təyyarələrinin uzun illərdir intensiv istifadə olunduğu və xidmət müddətinin sonuna yaxınlaşdığı bildirilib. Yeni müqavilənin əsas səbəbi sınaq imkanlarında yarana biləcək boşluğun qarşısını almaq kimi açıqlanıb.

Yeni təyyarələrin istismara verilməsi ilə proqramın sınaq fəaliyyətlərinin fasiləsiz davam etməsi və modernizasiya prosesinin sürətlənməsi hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   F-35  


Bizi "telegram"da izləyin