Avropa Parlamentində Ermənistanla bağlı qətnamənin qəbulu müzakirə olunacaq

2026/03/1773647283.jpg
Oxunub: 420     13:44     24 Aprel 2026    
Avropa Parlamentində aprelin 28-30-da müzakirə, daha sonra isə Aİ tərəfindən Ermənistanın demokratik dayanıqlığına dəstək göstərilməsi ilə bağlı qətnamənin qəbulu üzrə səsvermə keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında yayılan məlumatda bildirilib.

Qeyd olunub ki, sözügedən qətnamənin müzakirəsi Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri fonunda baş tutacaq.

“Avropa Parlamentinin deputatları aprelin 28-də Aİ Komissiyası və Şurasının nümayəndələri ilə plenar müzakirə zamanı, həmçinin aprelin 30-da müşayiətedici qətnamədə xarici müdaxilədən azad səsvermənin vacibliyini vurğulayacaq və Moskvanın dezinformasiya yayması, eləcə də səsvermənin nəticələrinə təsir göstərməyə cəhd etməsi ilə bağlı narahatlıqlarını qaldıracaqlar”, - deyə məlumatda bildirilir.

Həmçinin qeyd olunub ki, Avropa Parlamenti Ermənistanın ümumi demokratik dayanıqlığının möhkəmləndirilməsi üçün daha çox səy göstərilməsinə çağıracaq.

Avropa Şurası da xatırladıb ki, Aİ yaxın vaxtlarda Ermənistan hakimiyyətinə potensialın artırılması və çoxşaxəli təhdidlərə, xarici informasiya manipulyasiyası və müdaxiləsinə (FIMI), kiberhücumlara və qanunsuz maliyyə axınlarına qarşı mübarizədə dəstək vermək üçün yeni mülki missiyaya başlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Parlamenti   Ermənistan  


Bizi "telegram"da izləyin