Ermənistanda yaxşı yaşamağa ümid yoxdur: Maaş artımı yavaşlayır, inflyasiya isə sürətlənir

2025/09/1758616510.jpg
Oxunub: 402     15:50     24 Aprel 2026    
“İlin əvvəlindən etibarən Ermənistanda inflyasiya aktivləşib. Maaşların artımı yavaşlayıb, inflyasiya isə sürətlənib. Bu o deməkdir ki, bu il də yalnız maaşa bel bağlayan və başqa gəliri olmayan adi vətəndaş yenə yaxşı yaşamayacaq. Əksinə, çoxları daha pis yaşayacaq, çünki onların gəlirləri bahalaşmanın arxasınca çatmayacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Yaxşı yaşamağa ümid yoxdur: Maaş artımı yavaşlayır, inflyasiya isə sürətlənir” başlıqlı məqaləsində yazıb.

“Bu, əlbəttə ki, hakim siyasi komandaya, dövlət vəzifələri tutan və dövlət vəsaitlərindən bol şəkildə faydalanan “Vətəndaş Müqaviləsi” partiyası üzvlərinə aid deyil. Onlar nəinki yüksək maaş alırlar, həm də maaşdan artıq mükafatlar və başqa gəlirlər əldə edirlər. Bu insanların gəlirləri indi o qədər yüksəkdir ki, inflyasiya, hətta sürətlənmiş inflyasiya belə, onların həyatında və məişətində ciddi dəyişiklik yaratmır. Onlar indi o qədər gəlir əldə edirlər ki, bahalaşmanı hiss etməməklə yanaşı, bahalı malikanələr, mənzillər, avtomobillər almağa və dəbdəbəli həyat sürməyə davam edə bilirlər.

İnflyasiyanın təsirini ilk növbədə gəlirləri onsuz da minimum ehtiyaclarını güclə qarşılayan vətəndaşlar hiss edir. Əgər əvvəllər də kifayət etmirdisə, indi daha çox çatmayacaq və bu insanlar daha azla kifayətlənməyə məcbur olacaqlar. İnflyasiyanın sürətlənməsi xüsusilə Ermənistan cəmiyyətində kifayət qədər böyük say təşkil edən sosial cəhətdən həssas təbəqələr üçün problemdir”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, rəsmi məlumatlara görə, ilin əvvəlindən etibarən Ermənistanda inflyasiyanın tempi təxminən 40 faiz sürətlənib.

“Orta inflyasiya 4,5 faizə çatıb. Amma bu, maaşla yaşayan adi vətəndaşa çox şey demir, çünki o, bahalaşmanın təsirini həmin 4,5 faizlik inflyasiyadan qat-qat çox hiss edir. Bu, ilk növbədə ərzaq və birinci zərurət malları bazarından gələn bahalaşmada özünü göstərir. Son məlumatlara görə, ərzaq məhsulları 7,8 faiz bahalaşıb. Bu da ötən ilin 5,4 faizlik inflyasiyasından sonra baş verib.

İki ildə Ermənistanda ərzaq məhsullarının yığılan inflyasiyası 13,2 faiz təşkil edib.

İndi təsəvvür edin ki, gəlirləri iki il ərzində demək olar artmayan və ya yığılan inflyasiyadan daha az artan vətəndaş necə böyük bahalaşma yükü daşıyır. Amma yığılan inflyasiyanı bir kənara qoyaq və bu ilin inflyasiya göstəricilərindən danışaq.

Mart ayında, ötən ilin martı ilə müqayisədə, Ermənistanda ərzaq məhsulları 7,8 faiz bahalaşıb. Halbuki orta maaş cəmi 5,3 faiz artıb. Bunun da əsasən kimlərin hesabına baş verdiyi məlumdur. Elə 2-3 sahə var ki, orada maaş artımı müşahidə olunur və bu da orta maaşın yüksəlməsinə səbəb olur. Halbuki bir çox işləyən vətəndaş bu artımı adətən öz həyatında hiss etmir. Məsələn, minimum maaş alanlar. Onların maaşı necə 3 il əvvəl 75 min dram idisə, indi də elədir. Həmin insanlar da milyonlar alan məmurlarla eyni şəkildə inflyasiyanın təsirini daşıyırlar”, - deyə müəllif vurğulayıb.

Məqalədə qeyd edilib ki, maaş artımı bir çoxlarını kənarda qoyur, əvəzində isə onlar hər addımda inflyasiya ilə üz-üzə qalırlar.

“Son məlumatlara görə, ötən illə müqayisədə Ermənistanda orta maaş 14,9 min dram artıb. Söhbət, belə demək mümkündürsə, vergi tutulmamış maaş artımından gedir. Vergilər çıxıldıqdan sonra artım cəmi 10-11 min dram təşkil edir. Amma bu da əsasən yüksək maaş alanların hesabına baş verib. 50-yə qədər işçisi olan təşkilatlarda, burada insanlar orta hesabla maksimum 238 min dram alırlar, rəsmi məlumatlara görə, orta maaş son bir ildə, özü də vergidən əvvəl, cəmi 3,5-4 min dram artıb. Söhbət təxminən 340 min işçidən gedir ki, onlar işləyən vətəndaşların təxminən 42 faizini təşkil edir.

Bu insanların orta maaşları bir ildə cəmi 1,7-2,5 faiz artıb. Həmin dövrdə inflyasiyanın tempi isə bundan iki dəfə yüksək olub. Ərzaq məhsulları üzrə inflyasiya tempi isə həmin 340 min işləyən vətəndaşın maaş artım tempini üç dəfədən çox üstələyib.

Sizcə, bu insanlar daha yaxşı yaşamağa başlayıblar, yoxsa daha pis?

Aydındır ki, ən azı bir il əvvəl, bəlkə də bir neçə il əvvəl yaşadıqlarından daha pis yaşayırlar. Bu il artıq minimum maaşın artırılacağına ümid olmadığını, aşağı maaş alan vətəndaşların gəlirlərinin isə gördüyümüz kimi sürətlənən inflyasiyadan qat-qat yavaş artdığını nəzərə alsaq, deməli, yaxın dövrdə də onlar yaxşı yaşamayacaqlar, hətta bugünkündən də pis yaşayacaqlar”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, rəsmi məlumatlara görə, bu il ərzaq bazarında ən yüksək inflyasiya yumurta üzrə qeydə alınıb.

“Yumurta ötən illə müqayisədə 30 faizdən çox bahalaşıb. İnflyasiyası buna yaxın olan başqa məhsullar da var, amma hesab edək ki, onların vətəndaşlar üçün həyati əhəmiyyəti o qədər də böyük deyil. Lakin bunu, məsələn, ət məhsulları barədə demək olmaz. Orada ikirəqəmli inflyasiya qeydə alınıb. Ən çox bahalaşan mal ətidir, son bir ildə 15 faizdən çox bahalaşıb. Quzu ətində inflyasiya 14 faizə yaxındır, donuz əti isə 12 faiz bahalaşıb.

Balıq məhsullarında inflyasiya nisbətən aşağı olub. “İşxan” balığı bu il 3 faiz bahalaşıb, amma ötən ilin kəskin bahalaşmasından sonra. Həmin “İşxan” balığı ötən il 21,5 faiz bahalaşmışdı və bu il həmin 21,5 faizin üzərinə daha 3 faiz əlavə olunub.

Keçək süd məhsulları bazarına. Burada on iki aylıq inflyasiya mart ayında 12,8 faiz təşkil edib. Ötən ilin təxminən 14 faizlik inflyasiyasından sonra bitki yağı daha 9,5 faiz bahalaşıb. Kərə yağında son bir ildə inflyasiya 8,2 faiz, pendirdə isə 8,1 faiz olub. Çörək məhsulları, meyvə və tərəvəz də bahalaşıb. Xüsusilə tərəvəz ötən ilin kəskin bahalaşmasından sonra yenidən bahalaşıb.

Qeyri-ərzaq malları, xüsusilə də xidmət sahələrindəki bahalaşmadan isə hələ danışmırıq. Bütün bunların təsirini yüz minlərlə vətəndaş, o cümlədən işləyən vətəndaşlar daşıyır. Onların maaşları ya demək olar artmır, ya da inflyasiyadan xeyli az artır.

Nikol Paşinyan və “Vətəndaş Müqaviləsi” partiyası üzvləri zaman-zaman insanların həyatını yaxşılaşdırdıqlarını iddia edirlər. İndi qoy desinlər: maaş artım tempi ən azı orta inflyasiyadan iki dəfə, ərzaq inflyasiyasından isə üç dəfə aşağı olan bu 340 min işləyən vətəndaş, yəni işçilərin 42 faizi daha yaxşı yaşayır, yoxsa daha pis?”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İnflyasiya  


Bizi "telegram"da izləyin