Erməni diplomat: “Rusiya Ermənistanın istənilən hakimiyyəti ilə işləyəcək, amma iqtisadi təzyiq istisna edilmir”

2026/04/45654-1777013251.jpg
Oxunub: 379     10:43     24 Aprel 2026    
“Moskva seçkilər nəticəsində hakimiyyətə gələcək Ermənistanın istənilən siyasi rəhbərliyi ilə işləyəcək”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri, keçmiş xarici işlər nazirinin müavini Sergey Manasaryan deyib.

Onun sözlərinə görə, Moskva öz maraqlarını qoruyur.

“Onlar daha rasional davranırlar: körpülər yandırılmır, onlar istənilən tərəflə işləməyə hazırdırlar və eyni zamanda öz maraqlarını göstərirlər. Bu, daha praqmatik yanaşmadır”, - deyə o bildirib.

Eyni zamanda, Manasaryan qeyd edib ki, bu yaxınlarda keçirilən Paşinyan-Putin görüşü zamanı Rusiya prezidenti müəyyən dərəcədə RF-nin üstünlüklərinə işarə edib.

“Görüşün açıq hissəsində artıq Rusiyanın siyasi üstünlüklərini əks etdirən elementlər görünürdü”, - deyə o qeyd edib və əlavə edib ki, birbaşa heç nə deyilməyib.

Erməni diplomatın qiymətləndirməsinə görə, Rusiya liderinin bəyanatları müdaxilə kimi nəzərdən keçirilməməlidir. “Əgər müxtəlif ölkələrin müxtəlif liderlərinin seçkilərdə Paşinyanı dəstəkləmək haqqında bəyanatlarını müdaxilə hesab etmiriksə, onda niyə bu günə qədər heç səsləndirilməmiş “Rusiya təhdidlərindən” qorunmağa çalışırıq?”, - deyə o sual verib.

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada həmin görüş zamanı verdiyi bəyanatları şərh edən Manasaryan qeyd edib: “Açığı, düşünmürəm ki, iki xarici siyasət istiqamətini mümkün olduğu qədər birləşdirəcəyik, sonra isə qərar qəbul edəcəyik kimi bəyanatlar Rusiyada ciddi qəbul olunur. Bu, yalnız o halda ciddi qəbul edilə bilərdi ki, ətrafındakıların hamısının axmaq olduğu fərziyyəsindən çıxış edəsən. Amma belə deyil: hamı nə baş verdiyini və bütün bunların nəyə gətirib çıxaracağını əla başa düşür”.

Rusiya tərəfinin yuxarıda qeyd olunan reallıqları nəzərə alaraq nə edəcəyi barədə suala cavab olaraq Manasaryan qeyd edib ki, böyük ehtimalla təzyiq olacaq, ilk növbədə iqtisadi təzyiq olacaq və bu, Ermənistan iqtisadiyyatı üçün kifayət qədər ağrılı olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manasaryan  


Bizi "telegram"da izləyin