Sabiq erməni nazir müavini: “Ermənistanın Avropa İttifaqına üzv olmaq siyasətinin praktiki əsası yoxdur”

2026/04/gfdfg-1777013192.jpg
Oxunub: 260     10:38     24 Aprel 2026    
“Ermənistanın Avropa İttifaqına üzv olmaq siyasətinin praktiki əsası yoxdur və bu siyasət ciddi iqtisadi və geosiyasi risklərlə müşayiət olunur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər nazirinin müavini Sergey Manasaryan bəyan edib.

Onun sözlərinə görə, bu mövzuda siyasi bəyanatlar praktiki addımlarla möhkəmləndirilmir.

Müasir dünyada siyasi və iqtisadi məsələlərin sıx bağlı olduğunu qeyd edən Manasaryan vurğulayıb ki, siyasi istiqamətin dəyişməsi iqtisadi istiqamətin də dəyişməsini nəzərdə tutur, istehlak bazarlarının dəyişməsi isə uzunmüddətli və mürəkkəb prosesdir. “Mənim üçün Ermənistanın Avropa bazarına nə və hansı həcmdə təklif edə biləcəyini təsəvvür etmək çətindir. Bunu etmək son dərəcə mürəkkəbdir, bazarların dəyişməsi bir-iki ilin məsələsi deyil. Üstəlik, dövlət yaşamalı, inkişaf etməli, öz təhlükəsizliyini təmin etməlidir və sair”, - deyə o bildirib.

Bu kontekstdə erməni diplomat Bolqarıstan təcrübəsini nümunə gətirərək qeyd edib ki, Avropa İttifaqına üzv olduqdan sonra həmin ölkənin kənd təsərrüfatı faktiki olaraq məhv edilib. “Bir il yarım ərzində Bolqarıstanın kənd təsərrüfatı sadəcə dağıldı. Bolqarıstan məhsulu Avropa bazarında lazım olmadı”, - deyə o bildirib.

“Hələ çoxdan, Misirdə işlədiyim vaxtlarda Amerika Universitetinin professoru, ciddi politoloqla ünsiyyət qurmaq imkanım olmuşdu. O, mənə əvvəlcə qəribə görünən bir sual verdi: Ermənistanda rus dilini bilmə səviyyəsi necədir? Cavab verdim ki, rus dilini heç olmasa başa düşməyən erməni tapmaq çətindir, halbuki mənim qiymətləndirməmə görə, səviyyə azalır. O dedi ki, bu, çox pisdir. Çünki onun sözlərinə görə, başa düşməlisiniz ki, qarşıdakı yüz ildə Avropada sizi heç kim gözləmir, sizin istehlak bazarınız məhz orada, Rusiyada olacaq. Bunu amerikalılar deyirdi”, - deyə Manasaryan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manasaryan  


Bizi "telegram"da izləyin