Erməni ekspert: “TRIPP müxtəlif səbəblərdən həyata keçirilməsə, Bakı təbii olaraq öz Zəngəzur dəhlizinin arxasınca gələcək”

2026/04/1777013079.jpg
Oxunub: 282     10:34     24 Aprel 2026    
“Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi durğunluq vəziyyətindədir”.

Ordu.az xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər üzrə erməni ekspert Suren Sarkisyan yazıb.

Onun sözlərinə görə, bunu həm Ermənistan tərəfindən səslənən bəyanatlar, həm də ümumi proseslər göstərir.

“Ermənistan hakimiyyəti Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsini faktiki olaraq yalnız TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsi ilə bağlayıb, Türkiyə isə öz növbəsində Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsini Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə şərtləndirir. Nəticədə üç qarşılıqlı əlaqəli prosesdən ibarət zəncir formalaşıb: TRIPP layihəsinin həyata keçirilməsi, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi. Bunlar bir-birindən asılı bütöv paketə çevrilib. Bu şəraitdə onlardan hər hansı birinin uğursuzluğu dərhal digərlərinə təsir edir”, - deyə Sarkisyan qeyd edib.

Sarkisyan bildirib ki, hazırda TRIPP istiqamətində ciddi irəliləyiş müşahidə olunmur, bu da digər proseslərin də ləngiməsini nəzərdə tutur.

“Layihənin həyata keçirilməsi perspektivləri qismən İran-ABŞ münasibətlərindən də asılıdır. Son müharibə zamanı İran dəfələrlə göstərdi ki, regionda ABŞ-nin yalnız hərbi deyil, həm də iqtisadi təşəbbüslərinə, o cümlədən TRIPP-ə zərbə vura bilər. Buna görə də layihənin həyata keçirilməsi bundan sonra yalnız ABŞ-dən deyil, həm də İrandan asılıdır.

Azərbaycana gəlincə, TRIPP müxtəlif səbəblərdən həyata keçirilməsə, Bakı təbii olaraq öz Zəngəzur dəhlizinin arxasınca gələcək. Onun TRIPP, yoxsa Zəngəzur dəhlizi adlandırılmasından asılı olmayaraq, strateji məqsədi eyni qalacaq, amma moderator başqa olacaq.

Beləliklə, aşağıdakı məntiq formalaşır: TRIPP yoxdursa, Ermənistan-Azərbaycan sülhü və Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi sahəsində irəliləyişi təsəvvür etmək çətindir. TRIPP həyata keçirilməsə, alternativ, daha riskli ssenarilərin ehtimalı artır. Alternativlərin olmaması Ermənistan hakimiyyətinin xarici siyasət hesablamalarının növbəti uğursuzluğudur”, - deyə o yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin