Rusiya Ermənistanın dəmir yolu konsessiyasının satışı ilə bağlı təklifini kəskin şəkildə rədd edib

2026/04/1777011089.jpg
Oxunub: 293     10:15     24 Aprel 2026    
“İrəvanın “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti ilə konsessiya müqaviləsinin dayandırılması zərurəti haqqında bəyanatları qəribə görünür”.

Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib.

“Erməni tərəfinin “Cənubi Qafqaz Dəmir Yolu”nun erməni dəmir yollarını konsessiya əsasında idarə etməsinin respublika üçün guya “müəyyən rəqabət itkiləri yaratması” barədə iddiaları və həmin konsessiyanın üçüncü ölkələrə verilməsi təklifləri, yumşaq desək, qəribədir”, - deyə o bildirib.

Şevtsov qeyd edib ki, müqavilə vaxtilə erməni tərəfi üçün maksimum sərfəli şərtlərlə bağlanıb.

“İlkin qiymətləndirmələrə görə, yeni konsessiya alıcıları hüquqların əldə edilməsi və kompensasiya üçün ən azı 250 milyon dollar ödəməli, istismar xərclərinə ildə təxminən 40 milyon dollar ayırmalı, İcevanın zədələnmiş hissəsinin bərpasına təxminən 400 milyon dollar, Vanadzor-Fioletovo hissəsinin tikintisinə isə daha 200 milyon dollar yatırmalıdır. Bundan başqa, Türkiyə və Naxçıvan Muxtar Respublikası ilə sərhədyanı hissələrin bərpası üçün təxminən 40 milyon dollar tələb olunacaq”, - deyə o bildirib.

Şevtsov Ermənistanın Avrasiya İqtisadi Birliyindən mümkün çıxması ilə bağlı müzakirələrə də toxunub. Onun sözlərinə görə, Ermənistan dəmir yolu şəbəkəsində yük daşımalarının hazırkı həcmləri və artım perspektivləri qeyri-müəyyəndir, Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması halında isə onların azalması qaçılmaz olacaq. Paşinyan hakimiyyəti “Cənubi Qafqaz Dəmir Yolu”nun konsessiya müqaviləsini pozmaq məsələsində müxtəlif tərəflərlə danışıqlar apararaq və Rusiyanı pis vəziyyətə salmağa çalışaraq əllərini isitməkdə davam edir.

Ermənistanın “Past” nəşri yazır ki, Rusiya Təhlükəsizlik Şurası səviyyəsində də Paşinyana rədd cavabı verirlər, dəmir yolu konsessiyasını satmaq niyyətində olmadıqlarını bildirirlər.

“Əlbəttə, Paşinyan parlament seçkilərindən sonra sərt yolla gedə, ümumiyyətlə, konsessiyanı almağa və özünə dost olan hansısa ölkəyə verməyə cəhd edə bilər, lakin Rusiyadan səslənən bu xəbərdarlıqlar açıq şəkildə son dərəcə təhlükəli qatlar ehtiva edir və indiki hakimiyyətin özü də anlayır ki, bu artıq münasibətlərin tamamilə sonu anlamına gələ bilər. Rusiya geri addım atmaq niyyətində deyil”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin