Erməni deputat: “Simonyan bu bəyanatla təsdiqləyir ki, onlar bütün bu illər ərzində ilkin şərtlərlə danışıqlar aparıblar”

2026/04/1777011022.jpg
Oxunub: 334     14:39     24 Aprel 2026    
Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyəyə səfəri zamanı bir sıra səs-küylü bəyanatlar verib, lakin onlar Ermənistanda hökm sürən seçkiqabağı ajiotajın kölgəsində qalıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, cəmi bir müddət əvvəl Azərbaycanı Ermənistanın sülh təminatçısı hesab edən Simonyan İstanbulda erməni mətbuat nümayəndələri ilə görüş zamanı Azərbaycandan “narazılıq edib”.

“O, mahiyyət etibarilə etiraf edib ki, apardıqları xarici siyasət uğursuzluğa düçar olub, hesablamaları yanlış çıxıb və güzəştlər siyasəti özünü doğrultmur”, - deyə nəşr bildirib.

Ermənistanın müxalif “Hayastan” blokunun deputatı, parlamentin xarici əlaqələr komissiyasının üzvü Kristine Vardanyan Alen Simonyanın səs-küylü bəyanatlarından o qədər də təəccüblənməyib.

“Alen Simonyan çoxdan ailə söhbətlərini bayıra çıxaran uşağa bənzəyir. O, impulsiv bəyanatları ilə seçilən fiqurdur və çox vaxt komandasında aparılan daxili söhbətləri ifadə edib”, - deyə o qeyd edib.

Müxalif erməni deputat bildirib ki, Alen Simonyan son bəyanatı ilə bir neçə məsələni etiraf edib: “Alen Simonyan bu bəyanatla təsdiqləyir ki, onlar bütün bu illər ərzində ilkin şərtlərlə danışıqlar aparıblar, halbuki biz Türkiyənin Ermənistan-Türkiyə münasibətlərini tənzimləmək, sərhədi açmaq üçün ilkin şərtlər irəli sürdüyünü deyəndə bunu inadla inkar edirdilər. Faktiki olaraq, belə də olub və onlar ilkin şərtləri yerinə yetirmək yolu ilə gediblər, amma bu günədək sərhəd bağlı qalmaqda davam edir, söz verdikləri baş verməyib, hətta diplomatik pasportu olanlar üçün də bağlıdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Simonyan  


Bizi "telegram"da izləyin