“Bəli, Nikol haqlı idi, o, sona qədər getməyə hazır idi və onun heç bir “qırmızı xətti” yox idi” - Sarkisyan

2026/04/1776973113.jpg
Oxunub: 612     23:09     23 Aprel 2026    
“Partiyamız artıq qarşıdakı seçkilərdə iştirak etməmək qərarını açıqlayıb. Bu, sadəcə siyasi mövqe deyil, həm də vahid, ölçülüb-biçilmiş və əsaslandırılmış qərardır, tarixi qərardır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyan istefasının səkkizinci ildönümü münasibətilə verdiyi bəyanatda bildirib.

“2018-ci ilin yazında mən və komandam uzaqlaşanda bunu sizin iradənizi yerinə yetirərək etdik. Səkkiz il əvvəl istefa bəyanatımda bir cümlə yazmışdım ki, mətnin “faydalananlarından” birinin redaktəsi və mənim “əzəli” dostlarımın sonrakı manipulyasiyası səbəbindən onu mənim üçün damğaya çevirməyə çalışdılar.

Həyatım boyunca həm düzgün, həm də yanlış qərarlarım olub. Mənim ən doğru və ən çətin qərarım “öz vədimə xilaf çıxmağım” və 2018-ci ildə baş nazir vəzifəsinə namizəd olmağım idi.

Təəssüf ki, bu, həm də mənim ən böyük səhvim oldu. Çünki xalqımıza izah etmək mümkün olmadı ki, namizədliyimin məqsədi heç də hakimiyyəti saxlamaq yox, “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) və Ermənistanın təhlükəsizliyini təmin etmək idi. Bəli, Nikol haqlı idi, o, sona qədər getməyə hazır idi və onun heç bir “qırmızı xətti” yox idi, mən namizəd olmamalı idim. Mən isə səhv etdim, belə zənn etdim ki, xalqımıza izah edə biləcəyik ki, danışıqların mürəkkəb mərhələsində mənim getməyim fəlakətə gətirib çıxaracaq. Mənim üçün aydın idi ki, həmin mərhələdə danışıq aparan şəxsin dəyişməsi, danışıqlar tarixinin sıfırlanması faciəli nəticələr verəcək, elə də oldu. Söhbət ondan getmir ki, mən ən yaxşı danışıq aparan idim, söhbət ondan gedir ki, danışıqlarda iştirak edən bütün tərəfləri dərindən tanıyırdım, institusional yaddaşa malik idim.

Bəli, Nikol haqlı idi, mən izah edə bilmədim, o isə xalqımızı aldada bildi. 2018-ci ildə baş nazirliyə namizəd olmağım nəticəsində başa düşülməməkdən tutmuş, bunun nəticəsində öz xalqım tərəfindən rədd edilməyimə qədər çox şey itirdim. Amma illərin məsafəsindən əminliklə deyə bilərəm ki, yenə də o məşəqqətli yoldan keçərdim, çünki əmin idim ki, bununla hansısa fəlakətin qarşısını alacağıq”, - deyə Sarkisyan qeyd edib.

O, həmçinin bildirib: “Mən xalqa izah edə bilmədim, çünki xalq dinləmək istəmirdi. Mən haqlı ola-ola “səhv” oldum. 2018-ci ildə mən Ermənistanın və “Qarabağ”ın təhlükəsizliyini təmin etmək, sərhədlərdə qan tökülməsinə yol verməmək üçün namizəd oldum, daha sonra isə sərhədlər daxilində qan tökülməsinə imkan verməmək üçün istefa verdim. Bu gün, istefamdan səkkiz il keçəndən sonra isə xalqın böyük bir hissəsi hesab edir ki, Nikolun hakimiyyəti onun əleyhinə siyasi mübarizənin ön cərgəsində “keçmişlər” qaldığı müddətdə mövcud olacaq.

Mən xalqın bu tələbinə də tabe oluram. Əgər mənim və Respublikaçılar Partiyasının iştirakı bugünkü administrasiyanın yenidən istehsalına bir faiz belə töhfə verəcəksə, biz geri addım atırıq ki, insanlara ayıq şəkildə, emosiyalarsız öz iradələrini ifadə etmək imkanı verək, digər müxalif qüvvələrə isə seçkilər yolu ilə hakimiyyət dəyişikliyi vədlərini maneəsiz şəkildə gerçəkləşdirmək imkanı yaradaq.

Şübhəsiz ki, səhvlər və məyusluqlar olub, lakin mənim dərin inancıma görə, bu səhvlər bağışlana bilən və düzəldilə bilən səhvlərdir. Bunun sübutu da odur ki, biz bu gün xalqımızın qarşısına açıq üzlə və təmiz vicdanla çıxırıq.

Heç kimə sirr deyil ki, Respublikaçılar Partiyası 2021-ci il seçkilərində də iştirak etmək istəmirdi, amma biz bu addımı atmağa məcbur olduq. Müxalifətin təbliğ etdiyi birmənalı qələbədən fərqli olaraq, sosiologiya başqa mənzərə göstərirdi. Biz həmin seçkilərdə iştirak etdik ki, Qarabağın son xəyanətinin və təslim edilməsinin qarşısını almağa çalışaq.

Aylar əvvəl Respublikaçılar Partiyası impiçment layihəsini bu hakimiyyətdən xilas olmağın yeganə real yolu kimi təklif etdi. Bizim üçün aydın idi ki, onlar və onların xarici himayədarları artıq fərqli düşünənləri həbsə atmaqla, dövlət borcunun ikiqat artırılması hesabına büdcədən seçki rüşvəti paylamaqla və günü-gündən böyüyən qanunsuzluqlara göz yummaqla seçkiləri saxtalaşdırmağa başlayıblar.

Bu şəraitdə ədalətli və rəqabətli seçkilərin keçirilməsi, bizim qənaətimizə görə, mümkün deyildi. Ancaq təəssüf ki, parlamentdəki tərəfdaşlarımız başqa yolu, seçkiləri gözləməyi seçdilər. Mən onlara bu qərarlarını doğrultmaq işində uğurlar arzulayıram.

Mən əminəm ki, bu vəziyyətdə müxalifətin qələbəsini təmin etmək üçün iri birlik lazımdır ki, səslərin parçalanmasının qarşısı alınsın. Çünki bu, indiki rejimin maraqlarına xidmət edəcək. Respublikaçılar Partiyası tarix yaddaşı, ləyaqət və erməni arzusu naminə parlamentdənkənar qüvvə kimi öz mühüm rolunu qoruyub saxlamaqda davam edəcək.

Ermənistanı kökündən qoparmış, diz çökdürmüş, borca batırmış və yalanla bürümüş bu qrup getməlidir. Alternativ dəhşətlidir, ölkəmiz, xalqımız və növbəti nəsil üçün dəhşətdir. Bu, elə onların özləri üçün də dəhşətdir, sadəcə, onlar bunu hələ dərk etmirlər. Gərək ayılasan ki, sonra gec olmasın”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin